Accessibility links

Ruhani parada hücumdan sonra ABŞ-ı və Körfəzdəki ərəb müttəfiqlərini günahlandırır


İran prezidenti Həsən Ruhani şənbə günü ölkənin cənub-qərbində hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Şatları və onun Körfəz bölgəsindəki müttəfiqlərini günahlandırıb.

BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl Tehranda danışan Ruhani deyib ki, “Amerika dünyanın qalan hissəsinə münasibətdə özünü xuliqan kimi aparır”. İran prezidenti ölkəsinin hücuma cavabının “qanuna və milli maraqlara uyğun olaraq” veriləcəyini bidirib. Ruhani ABŞ-ın öz “təcavüzkarlığına” görə təəssüf edəcəyini deyib.

Ruhani şənbə günü 25 adamın ölümü və təxminən 70 nəfərin yaralanması ilə nəticələnmiş hücuma görə günahlandırdığı ölkələrin adlarını çəkməyib. Lakin İran prezidenti ABŞ-ın yaxın hərbi müttəfiqləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ya da Bəhreyni nəzərdə tuta bilər. Körfəzdəki müttəfiqlər Tehranı Yaxın Şəqrdə militant qruplara dəstəyinə görə regional təhlükə hesab edir.

“Bu regionda gördüyümüz kiçik təmənnalı ölkələrin hamısı Amerika tərəfindən dəstəklənir. Onları təhrik edən və onları belə cinayətləri törətmək üçün lazımi vasitələrlə təmin edən amerikalılardır”-deyə, Ruhani bildirib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli hücumu qınayıb, lakin deyib ki, ölkənin rəhbərləri iğtişaşların arxasında dayanan səbəbləri tapmaq üçün öz ölkələrinə baxmalıdır.

“Ruhani öz xalqına uzun zamandır zülm edir və bunun haradan gəldiyini anlamaq üçün öz bazasına baxmalıdır. İran xalqı bezib və bunun hamısı buradan gəlir. O bizi hər şeydə günahlandıra bilər. Amma onun güzgüyə baxması lazımdır”, Nikki Heyli CNN tele-kanalına müsahibədə bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert hücumla bağlı açıqlamasında bildirib: “Biz radikal islamçı terrorizmin bəlası qarşısında İran xalqı ilə bir dayanırıq və bu ağır zamanda onlara təəssüfümüzü bildiririk”.

İranın cənub-qərbindəki Əhvaz şəhərində keçirilən illik hərbi parad zamanı əsgər forması geymiş militantların törətdiyi hücum son on ildə ən çox insan ölümülə nəticələnmiş bir hücumdur. Televiziyada paradın canlı yayımı zamanı atəşlərin açıldığı zaman qadınlar və uşaqların, eləcə də hərbi parad zamanı addımlayan İnqilabi Qvardiyanın əsgərlərinin qaçmasını görmək mümkün olub.

Britaniya, Danimarka və Nederlandın səfirləri hücumu törədən “terrorçu qrupun üzvlərinin” gizlədilməsi iddiası ilə bazar günü Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter səhifəsində yazdığı mesajında region ölkələrini və onların “amerikalı sahiblərini” separatçıları maliyyələşdirməkdə və silahlandırmaqda günahlandırıb. Zərif ABŞ-ın İranla dünya qüdrətləri arasında 2015-ci ildə imzaladığı nüvə razılaşmasından çıxmasından sonra regionda gərginliklərin artdığı bir dövrdə xəbərdarlıq edib.

“İran hücuma “cəld və qətiyyətli” şəkildə cavab verəcək”, Zərif Twitter səhifəsində yazıb.

Tramp administrasiyasının nüvə sazişindən çıxmasından sonra razılığa görə yüngülləşdirilmiş sanksiyaların yenidən qüvvəyə minməsi gərginliklərin daha da artmasına səbəb olub. ABŞ administrasiyası eyni zamanda, İrana qarşı Vaşinqtonun regionda “bəd əməllər” adlandırdığı fəaliyyətlərinə son qoyması üçün təzyiqləri artırıb.

Bununla belə, ABŞ hökuməti şənbə günü törədilmiş hücumu ən kəskin şəkildə qınayıb. Birləşmiş Ştatlar “bütün terror hərəkətlərini və günahsız insanların həyatını itirməsini qınadığını” bildirərək, hadisəyə görə təəssüfünü ifadə edib.

XS
SM
MD
LG