Ukrayna prezidenti Ukrayna dilinin yeganə dövlət dili olması barədə sərəncama imza atıb.
Özbəkistanda isə ziyalılar rus dilinə dövlət dili statusi verilməsini tələb edir.
Rus dilinin keçmiş Sovet Respublikalarındakı statusu:
Azərbaycan
Rus dilinin bu ölkədə heç bir statusu yoxdur. Dövlət dili Azərbaycan dilidir. Lakin Azərbaycanda 300-dən artıq rusdilli məktəb fəaliyyətdədir. Təhsil Nazirliyinin məlumatına görə, ali məktəblərdə 70-ə yaxın fənn rus dilində tədris edilir.
Ermənistan
Rus dilinin bu ölkədə heç bir statusu yoxdur. Dövlət dili erməni dilidir. Məktəblər və ali tədris ocaqlarında dərslər yalnız ermənicə keçirilir.
Belarus
Rus dili Belarus dili ilə bərabər dövlət dilidir. Təhsil sistemi də daxil edilməklə, rus dili bütün sahələrdə dominantlıq təşkil edir.
Gürcüstan
Rus dilinin bu ölkədə heç bir statusu yoxdur. Dövlət dili gürcü dilidir. Separatist regionlardan başqa bu ölkədə rus dilində tədris yoxdur. Müstəqilliyi tanınmayan Abxasiyada rus dili abxaz dili kimi dövlət dili hesab olunur. Eyni vəziyyət Cənubi Osetiyada da müşahidə edilir.
Qazaxıstan
Dövlət dili qazax dilidir. Rus dili rəsmi dildir. Dövlət təşkilatları və yerli idarəçilikdə qazax dili ilə yanaşı, rus dili də rəsmi dildir.
Qırğızıstan
Рus dili rəsmi dildir. Qırğız dili dövlət dilidir. Sənədləşdirmə və xidmətlər rus dilində aparılır.
Latviya
Rus dilinin bu ölkədə heç bir statusu yoxdur. Latış dili dövlət dilidir. 2018-ci ildə qəbul edilən qanuna əsasən 2021-ci ildən etibarən bütün məktəblərdə yalnız latış dilində dərs keçiriləcək. Hazırda rus dili tədrisi qeyri-dövlət məktəblərində tədris edilir.
Litva
Rus dilinin bu ölkədə heç bir statusu yoxdur. Litov dili dövlət dilidir. Xüsusi təyinatlı orta məktəblərin şagirlərinin yalnız 4 faizi rus dilində oxuyur. Rus dili məktəblərdə xarici dil kimi tədris edilir.
Moldova
Rus dilinin rəsmi statusu yoxdur. Rus dili qaqauz və rumın dilləri ilə yanaşı, rəsmi yazışmalarda istifadə edilir. Lakin müstəqilliyi tanınmayan Dnestryanı bölgədə rus, rumın və Ukrayna dilləri rəsmi statusa malikdir.
Rusiya
Rus dili dövlət dilidir. RF-na daxil olan respublikalar öz dillərini rus dili ilə bərabər rəsmi dil elan edə bilər.
Tacikistan
Rus dili millətlərarası dildir. Dövlət dili tacik dilidir. 2009-cu ildə qəbul edilən qərara görə, dövlət orqanlarına müraciətlər yalnız tacik dilində olmalıdır.
Türkmənistan
Dövlət dili türkmən dilidir. Ölkədə yalnız bir məktəbdə rus dili tədris edilir. Aşxabad və digər bölgə məktəblərində rus dilində dərslər keçirilir.
Özbəkistan
Rus dilinin rəsmi statusu yoxdur. Özbək dili qaraqalpaq dili ilə bərabər dövlət dilidir. Bu ölkədə 900 məktəb rusdillidir. Ali Məktəblərdə rusdilli kafedralar və rusdilli uşaq bağçaları var. 34 dövlət təşkilatında sənədləşdirmə rus dilində aparılır.
Ukrayna
Rus dilinin rəsmi statusu yoxdur. Rəsmi dil Ukrayna dilidir. Orta sinif şagirdləri və ali təhsil ocaqlarının tələbələri mütləq Ukrayna dilində təhsil almalıdır. Donbas və Krım kimi Ukraynanın nəzarətindən çıxan bölgələrdə rus dilindən istifadə olunur.
Estoniya
Rus dilinin statusu yoxdur. 70-dən artıq məktəbdə rus dili qismən tədris edilir. Eston dilində tədris 60, rus dilində isə 40 faiz təşkil etməlidir.