Accessibility links

Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır


Rusiya Xarici İşlər Naziri Serqey Lavrov aprelin 16-da deyib ki, Moskva Vaşinqtonun sanksiyalarına cavab olaraq 10 ABŞ diplomatına ölkəni tərk etmələrini deyəcək. ABŞ Rusiyaya seçki müdaxiləsi, kiberhücumlar və digər xoşagəlməz addımlarına görə sanksiylar tətbiq edib və 10 Rusiya dilpomatını ölkədən qovub.

"Biz bu addımlara bərabər səviyyədə cavab verəcəyik. Rusiyadakı 10 ABŞ diplomatından ölkəni tərk etmələrini istəyəcəyik" - deyə, Lavrov serbiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.

Bu açıqlama ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsindən bir gün sonra verilib.

Prezident Co Bayden tərəfindən 15 aprel tarixində imzalanan sərəncama əsasən 10 Rusiya diplomatı ölkədən çıxarılıb və ABŞ-ın mənafeyinə qarşı hərəkətlərə görə məsuliyyət daşıyan qurumlar qara siyahıya salınıb.

Lavrov, həmçinin Prezident Vladimir Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov tərəfindən ABŞ səfiri Con Sallivanın “ciddi məsləhətləşmələr” aparmaq üçün Vaşinqtona geri dönməsini tövsiyə etdiyini deyib.

Rusiyanın ABŞ-dakı elçisi keçən ay Baydenin Putini qatil adlandırmasından sonra məsləhətləşmələr üçün Moskvaya geri dönüb.

Lavrov əlavə edib ki, Moskva ABŞ-ın Rusiyadakı bizneslərinə yönəlmiş mümkün "ağrılı" tədbirləri də nəzərdən keçirilir və səkkiz ABŞ rəsmisi sanksiya siyahısına salınacaq.

O bildirib ki, Moskva eyni zamanda ABŞ-ın fondları və ölkənin daxili işlərinə qarışan qeyri-hökumət təşkilatlarının Rusiyadakı fəaliyyətinə son verməyi planlaşdırır.

Bununla bərabər Rusiya Xarici İşlər Naziri Varşavanın ABŞ-la həmrəylik göstərərək oxşar addımlarına cavab olaraq beş Polşa diplomatının qovulacağını da bildirib.

XS
SM
MD
LG