Rusiya ABŞ prezidenti Donald Trampı hərbi personalını Venesueladan çıxardığı haqda məlumatlandırdığını inkar edib. Bu, prezident Trampın açıqlamaları ilə ziddiyyət təşkil edir.
“Mən bunu oxuyanda təəccübləndirm. Biz heç kəsi məlumatlandırmamışıq. O göründüyü kimi Wall Street Journal qəzetindəki məqaləni oxuyub” –deyə, Rusiya xarici işlər naziri Sergey Lavrov prezident Trampın iyunun 3-də yazdığı Twitter mesajına işarə edərək bildirib.
Tramp mart ayında Rusiyanın Venesueladan çıxmalı olduğunu demişdi. Amerika lideri bu çağırışı Rusiyanın Venesuelada prezident Nikolas Maduro əleyhinə etiraz nümayişlərinin keçirildiyi zaman ölkəyə hərbi avadanlıq və texniki yardımla dolu təyyarə göndərməsindən sonra etmişdi.
Birləşmiş Ştatlar minlərlə Venesuela vətəndaşının Maduro rejiminə qarşı küçələrə çıxdığı zaman Rusiya prezidenti Vladimir Putinin müttəfiqi olan Maduronun hakimiyyətdən salınmasına çalışır.
İyun ayının 3-də Tramp Twitter sosial şəbəkəsindəki mesajında Rusiyanın Birləşmiş Ştatları öz hərbi personalını Venesueladan çıxardığı haqda məlumatlandırdığını yazmışdı.
Wall Street Journal qəzeti Rusiya müdafiə nazirliyində adının açıqlanmadığı mənbəyə istinadən Rusiyanın hərbi personalını Venesueladan çıxardığı haqda məlumat verib.
Kremlin sözçüsü Dmitri Peskov da Moskvanın Vaşinqtonu hərbi personalın çıxarılması ilə bağlı hər hansı addım haqda məlumatlandırdığını bildirib. O əlavə edib ki, Rusiya mütəxəssisləri Cənubi Amerika ölkəsində işləməyə davam edirlər.