Accessibility links

Kreml ABŞ-ın Rusiyadakı səfirliyində işləyən rusların işlərinə son verilməsinə göstəriş verib


Kreml ABŞ səfirliyində çalışan rusların işlərinə son verilməsinə göstəriş verib, səfirliyin konsulluq işçilərini 75% azaltmağa və xidmətini məhdudlaşdırmağa məcbur edib.

Sərəncam çərşənbə günü qüvvəyə minib və kəskin şəkildə pisləşən ABŞ-Rusiya münasibətlərini daha da gərginləşdirib.

İxtisarlar üzündən səfirlik çox vacib olan viza müraciətlərinə baxılması kimi məhdud xidmətlər təklif edə bilər. Bu o deməkdir ki, rusiyalı iş adamları, tələbələr və romantik səyahətlərə çıxanlar viza ala bilməyəcək. Hətta amerikalılar belə yeni doğulmuş körpələrini qeydiyyatdan keçirə və pasportlarını yeniləyə bilməyəcəklər.

Səfirlik konsulluq işçilərinin ABŞ-dan gələcək yeni işçilərlə əvəz edilib-ediməyəcəyi barədə heç bir açıqlama verməyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Səfirlik nümayəndələrindən təhlükəsizliklə bağlı yerli sakinlər tərəfindən doldurulmuş anketlərə baxılması kimi missiyanın necə aparılacağına dair aydınlıq əldə etmək mümkün olmayıb.

Prezident Vladimir Putin tərəfindən keçən ay imzalanan sərəncamda vətəndaşlarının işə götürməsi qadağan edilə bilən “dost olmayan” ölkələrin siyahısının hazırlanması tələb edilib. Siyahıya Britaniya, Ukrayna, Polşa və bir sıra Avropa ölkələri daxildir. Lakin qadağanın tətbiq edildiyi ilk ölkə ABŞ olub.

Bu addım Bayden administrasiyasının Kremli Birləşmiş Ştatlara qarşı SolarWinds kiber casusluq kampaniyası və 2020-ci il prezident seçkilərinə təsir göstərmək səylərinə görə cəzalandıraraq, Rusiya iqtisadiyyatını hədəf alan sanksiyalar tətbiq etməsindən sonra atılıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli vətəndaşların işə götürülməsinə qoyulan qadağanın konvensiyaya uyğun olduğunu deyib.

“Diplomatik nümayəndəliyimizin olduğu ölkələrdə biz çox nadir hallarda yerliləri işə götürürük. Beləliklə, bu təcrübəni Rusiya Federasiyasındakı ABŞ səfirliyi və baş konsulluğuna da tətbiq etmək hüququmuz var” - deyə, Lavrov bildirib.

XS
SM
MD
LG