Rusiya ordusu cümə axşamı Suriyanın şimal-şərqində Rusiya və ABŞ hərbi maşınlarının toqquşmasında ABŞ əsgərlərini günahlandırıb.
ABŞ rəsmiləri çərşənbə günü Rusiyanın bir hərbi maşınının Amerikanın hərbi texnikasını vurduğunu, 4 amerikalı əsgərin xəsarət aldığını, Rusiyaya məxsus iki vertolyotun isə ABŞ nəqliyyat vasitəsi üzərindən cəmi 20 metr hündürlükdə uçduğunu bildirib.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Ulyot açıqlamasında Suriyanın şimal-şərqindəki Dayrik bölgəsində Rusiyanın bir hərbi maşının Amerikanın hərbi nəqliyyat vasitəsi ilə toqquşduğunu deyib. O, Rusiya hərbçilərinin iki ölkə arasındakı razılıq protokollarını pozduğunu deyib və onları qeyri-peşəkarlıqda ittiham edib.
Rusiya Müdafiə Nazirliyinin cümə axşamı verdiyi açıqlamasında Rusiya ordusu Baş Qərargahlar rəisi, general Valeri Gerasimovun telefonla çərşənbə günü ABŞ Baş Qərargahlar Rəisi, general Mark Milleylə baş verənləri müzakirə etdiyi bildirilib.
Gerasimov ABŞ generalına Rusiya ordusunun ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə Rusiya hərbi polis karvanının həmin yoldan keçəcəyi barədə xəbərdarlıq etdiyini deyib.
"Buna baxmayaraq mövcud razılaşmanı pozaraq, ABŞ ordusu Rusiya patruluna mane olmağa çalışıb. Buna cavab olaraq Rusiya hərbi polisi bir insidentin qarşısını almaq və tapşırığını yerinə yetirməyə davam etmək üçün lazımi tədbirlər görüb" - deyə, nazirlikdən verilən açıqlamada bildirilib.
ABŞ və Rusiya arasında toqquşmaların və digər insidentlərin qarşısının alınması üçün konfliktlərin həlli protokolları mövcuddur və oradakı qoşunlar arasında əlaqə olmaması üçün hərbi komandirləri tez-tez aralarında müzakirələr aparır.