Sənaye üzrə ekspertlər Avropanın görünməmiş enerji böhranının bu şimal yarımkürəsində qış mövsümündə daha da ağırlaşmasının elektrik enerjisinin məhdudlaşması və zavodların dayanması ehtimalını artıra biləcəyi barədə xəbərdarlıq edib.
Bəzi ekspertlər təbii qaz qiymətlərinin qalxmasının istehsalçılar və ev təsərrüfatlarının hesablarının artmasına məruz qoyması ilə Avropa İttifaqının inteqrasiya olunmuş enerji sistemini sıradan çıxara biləcəyindən narahatdır. Bloka üzv dövlətlərin ehtiyatlarını toplamağa əl atması Avropa İttifaqı daxilində daha bir çirkin siyasi çəkişmələrə səbəb ola bilər.
Beynəlxalq Enerji Agentliyi (BEA) və Avropa qanunvericiləri Rusiyanın dövlətin nəzarətində olan enerji nəhəngi “Qazprom”u məqsədyönlü şəkildə Avropaya təbii qaz tədarükünü artırmaq üçün kifayət qədər iş görməməkdə ittiham edir.
ABŞ rəsmiləri də Moskvanı Avropaya qaz ixracını artırmağa çağıran avropalı siyasətçilərə qoşulub.
Beynəlxalq Enerji Agentliyi də Rusiyanı qaz ixracını artırmağa çağırıb.
“BEA hesab edir ki, Rusiya Avropaya qaz ixracını artıra və qarşıdan gələn qış mövsümünə hazırlıq üçün anbarların adekvat səviyyədə doldurulmasını təmin etmək üçün daha çox iş görə bilər” - deyə, agentliyin açıqladığı bəyanatda bildirilib.
Təbii qaz qiymətlərində sıçrayışlar əsasən Asiyada pandemiya ilə bağlı tələbatın artması və Avropada tədarükün aşağı olması ilə əlaqədardır.
Keçən ay təbii qazın qiyməti ilin əvvəlində olduğundan təxminən 400 faiz artıb. Elektrik enerjisinin qiymətləri də yüksəlib. Belə ki, bütün qitədə elektrik enerjisinin böyük bir hissəsinin istehsal üçün təbii qazdan istifadə olunur.
Bəzi avropalı siyasətçilərin fikrincə, Avropa İttifaqına təzyiq taktikası kimi Kreml Ukraynadan yan keçən və Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasını sürətləndirmək üçün Avropanın enerji böhranını qəsdən ağırlaşdırır. Vaşinqton uzun müddətdir “Şimal axını 2”-nin enerji ehtiyacları baxımından Avropa İttifaqını Rusiyadan daha da asılı vəziyyətə salacağı barədə xəbərdarlıq edirdi.
Avropanın digər hökumətləri də qışda evləri isti və işıqlı saxlamaq, fabriklərin işləməsi üçün enerji bazarlarına necə müdaxilə etməyi düşünür. Onlar ev təsərrüfatlarının xərclərinin kəskin sıçrayışı səbəbindən daxili siyasi təsirlərindən narahatdır və milyardlarla dollar yardımı nəzərdən keçirir.