“RİA Novosti” agentliyi Rusiya prezidenti Vladimir Putinin qazın “dost olmayan ölkələrə” rublla satışı ilə bağlı fərman imzaladığını xəbər verib. Sərəncamın tam mətni Kremlin saytında dərc olunub.
Prezidentin sözlərinə görə, Qərb ölkələri qazın pulunu ödəmək üçün “Qazprombank”da rubl hesabı açmalı olacaq. Bu qaydalar aprelin 1-dən qüvvəyə minəcək. RİA Novosti Putinin fərmanının yalnız "Qazprom"un boru kəmərləri ilə tədarüklərinə aid olduğunu bildirib.
Eyni zamanda sənəddə deyilib ki, xarici alıcılar hələ də “Qazprombank”dakı xüsusi xarici valyuta hesablarına pulu xarici valyutada köçürəcək, sonra isə bank onu Moskva birjasında satacaq. Bundan sonra rubla çevrilən vəsait xarici alıcıların həmin Qazprombankdakı rubl hesabına, daha sonra isə Qazpromun rubl hesabına köçürüləcək.
Fərmanda deyilir ki, əgər mövcud müqavilələr üzrə ödəniş vaxtlı-vaxtında və ya tam həcmdə edilməzsə, xarici valyutada və ya başqa bank vasitəsilə ödənilərsə, bu halda “təbii qazın verilməsi qadağandır”.
Putin alıcılar yeni şərtlərə əməl etməsə, qaz tədarükü ilə bağlı mövcud müqavilələrin dayandırılacağını, Rusiyaya “dost olmayan” ölkələrdən qaz alıcıları qaz haqqını rublla ödəməkdən imtina edərlərsə, bunu müqavilələrin pozulması hesab edəcəyini bəyan edib.
Putin onu da bildirib ki, Rusiya Qərb tərəfdaşlarına qaz verib və onlar qazı alıb, bizə özlərinin dondurduqları avro ilə ödəyib.
"Biz qazı faktiki olaraq qazı pulsuz verdiyimizi hesab edə bilərik" - deyə, "Kommersant" Putindən sitat gətirib.
Fransanın maliyyə naziri Bruno Le Mer deyib ki, Paris və Berlin Rusiyanın qaz tədarükünü rublla ödəmək tələbini qəbul etməyəcək.
TASS xəbər agentliyi Berlində keçirilən mətbuat konfransında danışan nazirin şərhindən sitat gətirib: "Biz qaza görə ödənişi müqavilələr bağlanarkən göstərilən valyutadan başqa valyuta ilə ödəməyə razılaşmayacağıq. Avro ilə bağlanan müqavilələr avro ilə ödənilməlidir".
“Dost olmayan” ölkələrin siyahısına aşağıdakılar daxildir:
ABŞ, Çexiya, Kanada, Avropa İİttifaqına üzv olan bütün ölkələr, Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan.