Rusiya Hindistan və Venesuelaya silah satışını azaltmaqla 2014-2018-ci illərdə silah ixracatını 17% azaldıb. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) 2018-ci il hesabatına görə, azalmaya baxmayaraq Rusiya hələ də dünyada ikinci ən böyük silah ixracatçısı olaraq qalır.
Silah ixracına görə birinci yeri ABŞ tutur. 2014-2018-ci illərdə onun satışları 29% artıb.
“ABŞ dünyanın aparıcı silah təchizatçısı kimi öz mövqeyini daha da gücləndirib. Son beş ildə ABŞ ən azı 98 ölkəni silahla təmin edib, bunlar tez-tez döyüş təyyarələri, qısamənzilli ballistik və qanadlı raketlər və çox sayda idarə olunan bombalar kimi müasir silahlar olub", SİPRİ Silah və Hərbi Xərcləmə proqramının direktoru Od Fleran deyib.
2017-ci ildə Rusiya silah satışı üzrə dünyada ikinci yerdə çıxıb. 1998-ci ildən bəri ilk dəfə olaraq Rusiya hərbi ehtiyacları üçün 3,9 trilyon rubl sərf edərək hərbi büdcəni azaldıb. Bu, əvvəlki ilə nisbətən 17% azdır. Rusiya höküməti iqtisadi vəziyyətin pisləşməsi, neft qiymətlərinin düşməsi və Qərb sanksiyalarına görə bu addımlara əl atıb.