Accessibility links

Rusiyada son bir sutkada COVİD-dən 1189 ölüm halı qeydə alınıb


Rusiyada gündəlik COVID-19-dan ölənlərin sayı ikinci gündür yenidən rekord həddə çatıb. Yoluxma halları artdığına görə ölkə boyu iş yerlərini bağlamağa məcbur olan hökumət buna səbəbin peyvənd nisbətinin aşağı olması olduğunu deyir.

Hökumətin Koronavirus üzrə İşçi Qrupu bir gün əvvəl COVİD-19-dan ölənlərin sayı rekord 1178 olduğu halda, noyabrın 3-də bu rəqəmin 1189-a yüksəldiyini bildirib.

Oktyabrın 31-də, pandemiya ölkəni sarsıtmağa davam etdiyi bir vaxt 1161 ölüm halı qeydə alınmışdı ki, son dörd gün ərzində bu rəqəm artmaqda davam edib.

Rəsmilər eləcə də son 24 saatda 6827-si Moskvada olmaqla, 40 443 yeni yoluxma halının qeydə alındığını bildirib.

Pandemiya zamanı 146 milyon əhalisi olan ölkədə 8,5 milyondan çox yoluxma halı qeydə alınıb. Rusiyada COVID-19-dan rəsmi ölüm sayı 242.060 nəfər təşkil edir ki, bu da Avropada ən yüksək göstərici, dünyada isə ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yer deməkdir.

Lakin İşçi Qrupu yalnız virusun birbaşa səbəb olduğu ölümləri hesablayır. COVID-19-un səbəb olduğu ölüm hallarını daha geniş meyarlarla ölçən Rosstat Dövlət Statistika Xidməti oktyabrın 29-da açıqladığı hesabatında bildirib ki, Rusiyada ölənlərin sayı sentyabr ayının sonuna qədər təxminən 462 min olub və bu o deməkdir ki, bu rəqəm işçi qrupunun sayından təxminən iki dəfə çoxdur.

İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə Rusiya Prezidenti Vladimir Putin oktyabrın 30-dan noyabrın 7-dək ödənişli "qeyri-iş həftəsi" elan edib. Bu müddət ərzində əksər dövlət qurumları və özəl bizneslər fəaliyyətini dayandırır.

XS
SM
MD
LG