Moskvadakı xəstəxanaların COVID-19 üçün ixtisaslaşmış palataları xəstə insanlara doludur. Hazırda Rusiyada gündə orta hesabla 30 min insan xəstəliyə yoluxur. Ölənlərin sayı isə günəlik 1000 nəfərdir. Ölkədə pandemiyanın dördüncü dalğasının ən kritik dövrü yaşanır.
Rəsmilər xəstəliklə mübarizə məqsədi ilə kommersiya fəaliyyətlərini, restoranlar, barlar və ticarət mərkəzlərini ən azı on gün müddətinə bağlandığını elan edib.
Baxmayaraq ki, Rusiya dünyada COVID-19 peyvəndinin istifadəsini təsdiq edən ilk ölkədir, lakin əhalinin cəmi üçdə biri tam peyvəndlənib.
Skolkovo Elm və Texnologiya İnstitutunun virusoloqu Georgi Bazykin bildirir ki, “Öz peyvəndini istehsal edən bir ölkə üçün bu tamamilə şokedici haldır. Əksər ölkələr vaksinləri xaricdən alır. Ona görə də hesab edirəm ki, peyvəndlə bağlı vəziyyət fəlakətlidir”.
Hətta prezident Vladimir Putin iclaslar;n birində yaxın çevrəsindən bir çox şəxsin peyvənddən imtina etdiyini biləndə təəccübünü ifadə edərərk deyib ki, "Qəribədir, onlar ali təhsilli, elmi dərəcələri olan insanlardır... Nəyin baş verdiyini anlaya bilmirəm".
Tənqidçilər bildirir ki, hökümətyönlü ölkə mediası Qərb istehsalı olan vaksinlərə qarşı mənfi təbliğat kampaniyası başladıb. Lakin müşahidəçilərin fikrincə, bu vəziyyət öz ölkəsinin vaksinini rədd edən rusiyalılara ayrıca mənfi təsir edib.
Georgii Bazykin fikrincə “Bəziləri peyvəndlərin təhlükəli olduğunu deyir. Amma insanlar axmaq deyil. Onlar düşünürlər ki, əgər Qərb peyvəndləri təhlükəlidirsə, Rusiya peyvəndləri də mütləq təhlükəlidir”.
Müşahidəçilər bildirir ki, bir çox rusiyalının peyvəndlənməmək qərarı siyasi səbəbdən deyil, hökumətə ümumi inamsızlıqdan qaynaqlanır.
“Novaya qazeta”nın siyasi redaktoru Kirill Martinov hesab edir ki, "Prinsip etibarı ilə siyasi baxışlarından asılı olmayaraq, bütün insanlar başa düşürlər ki, Rusiya təbliğatına etibar etməyin əhəmiyyəti yoxdur".
Hazırda bir çox rusiyalılar nikbinlik üçün çox az səbəb görür. Biznes fəaliyyətini dayandırmaq hökumətin əvvəllər etdiyi bir şeydir
və insanlar artıq bunu görüb. Lakin artan infeksiya və ölüm nisbətləri bu səylərin kifayət etmədiyinə işarədir.