Accessibility links

Rusiya fövqəladə hallar naziri Arktikada keçirilən təlimlər zamanı vəfat edib


Yevgeni Ziniçev
Yevgeni Ziniçev

RIA Novosti xəbər agentliyinin nazirliyə istinadən bildirdiyinə görə, Rusiya fövqəladə hallar naziri Yevgeni Ziniçev çərşənbə günü Arktikada keçirilən təlimlər zamanı vəfat edib.

RIA Novosti detallar barədə məlumat vermədən, yalnız onu bildirib ki, 2018-ci ildən bəri Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən 55 yaşlı Ziniçev birinin həyatını xilas edərkən ölüb.

"Ziniçev vəzifələrini yerinə yetirərkən, Arktikada böhranlı vəziyyətlərin qarşısının alınması məqsədi ilə keçirilən təlimlər zamanı birinin həyatını xilas edərkən faciəvi şəkildə öüb" - deyə, RIA Novosti nazirliyin məlumatına əsasən bildirib.

Rusiyanın RT telekanalının baş redaktoru Ziniçevin sürüşərək suya düşən bir operatoru xilas edərkən həlak olduğunu yazıb.

"Çox sayda şahid var idi. Ziniçev yıxılan adamı xilas etmək üçün suya atılarkən bir qayaya çırpılıb. Bir anda nə baş verdiyini heç kim başa düşməyib" deyə, RT telekanın Twitter səhifəsində yazılıb.

Məlumatda operatorun da öldüyü deyilib.

Nazirlik çərşənbə günü verdiyi açıqlamasında Ziniçevin genişmiqyaslı təlimlərə nəzarət etmək üçün Arktikada olduğunu və Norilskdə yeni bir yanğınsöndürmə stansiyasının inşaatını və bölgədəki axtarış-xilasetmə qrupunu ziyarət etdiyini bildirib.

Ziniçev nazir olmazdan əvvəl Federal Təhlükəsizlik Xidmətinin müdir müavini vəzifəsində çalışıb və qısa müddət Kalininqrad vilayəti qubernatoru vəzifəsini icra edib.

Rusiya mətbuatının yazdığına görə, o, əvvəllər prezident Vladimir Putinin cangüdəni və şəxsi köməkçisi olub. Kremlin sözçüsü Dmitri Peskov Rusiya xəbər agentliklərinə Putinin başsağlığı verdiyini bildirib.

XS
SM
MD
LG