Accessibility links

Fransa, ABŞ və Rusiya rəhbərlikləri Dağlıq Qarabağda atəşkəsə çağırır


Fransa, Rusiya və Birləşmiş Ştatlar cümə axşamı Azərbaycan və Ermənistan qüvvələri arasında atəşkəsə və tərəfləri ləngimədən danışıq masasına geri dönməyə çağırıblar.

“Biz hərbi qüvvələr arasında zorakılıqların dərhal dayandırılmasına çağırırıq,” ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Fransa, Rusiya və ABŞ prezidentləri birgə bəyanatla çıxış edib.

“Biz Ermənistan və Azərbaycanın liderlərini ATƏT-in Minsk Qrupunun himayəsi altında qeyd-şərtsiz, xoş niyyətlə ətraflı danışıqları bərpa etməyə çağırırıq,” bəyanatda bildirilir.

Birgə bəyanatdan az öncə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bu üç ölkənin müdaxiləsinə qarşı olduğunu bildirib.

"ABŞ, Rusiya və Fransanın 30 il boyunca bu problemə məhəl qoymamasını nəzərə aldıqda, onların atəşkəs axtarışına müdaxilə etmələri qəbuledilməzdir," Ərdoğan deyib.

O bildirib ki, davamlı atəşkəs yalnız "erməni işğalçılar" Dağlıq Qarabağdan çıxdığı zaman mümkün ola bilər.

Mümkündür ki, onun sözləri NATO müttəfiqləri ilə gərginliklərə səbəb olsun.

Bundan öncə Kremlin sözçüsünün verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin məsələni ölkənin Təhlükəsizlik Şurası ilə müzakirə edib.

Kreml həmçinin bildirib ki, Putin və Fransa Prezidenti Emmanuel Makron münaqişədə vasitəçilik edən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun döyüşlərə necə son qoya biləcəyini müzakirə ediblər.

Bundan əlavə Rusiya bazar günü başlayan döyüşlərə son qoymaqla bağlı danışıqlar aparmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşməyi təklif edib.

Şərhlərə bax

XS
SM
MD
LG