Accessibility links

Rusiya gəmi ilə daşına bilən ilk hipersonik raket sınağını uğurla keçirib


TASS agentliyi cümə axşamı iki hərbi mənbəyə istinadən xəbər verib ki, Rusiya keçən ay Tsirkon (Zircon) hipersonik kruiz raketini uğurla sınaqdan keçirib.

Prezident Vladimir Putin 2018-ci ilin martında etdiyi bir çıxışında bu raketlər haqda danışmışdı. O bu raketlərin dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcək və ABŞ-ın hava hücumundan müdafiə sistemlərindən yayınmaq qabiliyyətinə malik yeni nəsil raket olduğunu demişdi.

Dövlət televiziyasının aparıcısı Dmitri Kiselyov 2019-cu ilin fevral ayında Tsirkon raketinin sualtı qayıqlardan atılacağı təqdirdə ABŞ-dakı hədəflərə beş dəqiqədən az bir müddətdə zərbə endirə biləcəyini söyləmişdi.

TASS-a məlumat verən mənbələrdən biri deyib ki, "Tsirkon dövlət sınaq proqramına müvafiq olaraq, bu ilin yanvar ayının əvvəlində Admiral Gorşkov gəmisi raketi Barents dənizindən Ural dağlarının şimalında hərbi hədəflərdən birinə atıb."

Mənbə həmçinin bildirib ki, sınaqlar başa çatandan sonra raketin sınaq məqsədilə nüvə sualtı qayğından havaya buraxılması planlaşdırılır.

Başqa bir mənbənin verdiyi məlumata əsasən, yanvar ayındakı sınaqlarda saatda 500 kilometr sürəti aşan raket Rusiyanın hərbi imkanlarını artırıb.

XS
SM
MD
LG