Accessibility links

Rusiyanın qırıcı təyyarələri İdlibə hava zərbələri endirib


Rusiyanın qırıcı təyyarələri həftə sonu müxalif qüvvələrin nəzarətində olan İdlib bölgəsinə hücumlar həyata keçirib. Nəticədə 16 dinc sakin həyatını itirib, məktəblər, xəstəxanalar və marketlər dağılıb.

İdlib jurnalisti Xəttab Əl-Əhmədin Amerikanın Səsinə bildirdiyinə görə, xlorin qazı hücumu nəticəsində 11 nəfər təngənəsəflikdən əziyyət çəkib.

Hava hücumları Rusiyanın Suxoy Su-25 hərbi təyyarəsinin vurulub salınmasından sonra həyata keçirilib. Suriya üsyançılarının Əl-Qaidə ilə əlaqəsi olan qrupu Saraqeb şəhəri yaxınlığında Rusiya təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Rusiyanın Müdafiə Nazirliyi şənbə günü təyyarənin vurulduğunu təsdiq edib və pilotun paraşütlə endikdən sonra üsyançıların hücumuna məruz qaldığını bildirib.

Suriyada vəziyyəti müşahidə edənlər və Britaniyada qərargahlanan Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu pilotun quru qüvvələrə dəstək göstərən Rusiya istehsalı olan iki mühərrikli SU 25 tipli döyüş təyyarəsini idarə etdiyini bildirib. Hadisənin şahidlərinin bildirdiyinə görə, pilot onu ələ keçirməyə çalışan üsyançılara atəş açdıqdan sonra öldürülüb.

Təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürən Hayat Təhrir Əl-Şəm adlı qrup Ebaa xəbər agentliyi adlı veb səhifəsində yanan təyyarənin görüntülərini nümayiş etdirib. Bu görüntülər SITE kəşfiyyat xidməti tərəfindən müşahidə edilib.

Həyat Təhrir Əl-Şəm qrupunun bir adı da Suriyada Əl-Qaidədir. Qrup Əl-Qaidədən müstəqil olduğunu iddia etsə də, onun tərkibində Əl-Nüsrə Cəbhəsinin elementləri var.

Bəzi məlumatlarda bildirilir ki, bu, Suriya ərazisində Rusiya təyyarəsinin üsyançılar tərəfindən salındığı ilk belə hadisədir.

Kreml sözçüsü Dmitri Peskov müxalifətin müəyyən obyektlərinin hədəf alındığını bildirib. Rusiyanın Müdafiə Nazirliyi hücumlar zamanı mülki əhalinin hədəf alındığını inkar edib.

Rusiyanın itkiləri

Pilotun katapult etdiyi və ağır yaralandığı xəbər verilib. Rusiyanın Rossia 24 telekanalı xəbəri təsdiq edib, təyyarənin zenit-raket qurğusundan vurulduğunu, pilotun isə “terrorçularla döyüşdə həlak olduğunu” bildirib.

Rusiyanın Müdafiə Nazirliyi pilot Roman Filipovun yaraqlıların ona yaxınlaşdığı an özünü əl qumbarası ilə partlatdığını bəyan edib.

2016-cı ilin avqust ayında Rusiyanın bir vertolyotu vurulub. Mİ-8 hərbi vertolyotda olan 5 nəfərlik uçuş heyəti həlak olub.

Ötən dekabr ayında Rusiyanın Suriyadakı hərbi bazasına hücum zamanı iki hərbi qulluqçu öldürülüb.

Qaçqınlar

Rusiya və Suriyanın hava hücumları yüz minlərlə mülki əhalini İdlib, Hələb, Homs və Hamadan didərgin salıb. Dekabr ayının 25-dən bəri 65-i uşaq olmaqla, 223 nəfər həyatını itirib.

Onlarla insan ciddi xəsarət alıb.

İdlibin Karfanbel xəstəxanası 3 dəfə evakuasiya edilməli olub.

XS
SM
MD
LG