Accessibility links

Rusiya ilə sərhəddə gözləyən vətəndaşlardan 130 nəfər ölkəyə buraxılıb


Azərbaycan-Rusiya sərhədi-xəritə
Azərbaycan-Rusiya sərhədi-xəritə

İyunun 9-da Rusiyanın Azərbaycanla sərhədində toplaşan Azərbaycan vətəndaşlarından 130 nəfəri ölkəyə gətirilib.

Bu barədə Amerikanın Səsinə Dağıstanın Qullar qəsəbəsində Rusiya Fövqəladə Hallar Nazirliynin çadır düşərgəsindəki Azərbaycan vətəndaşlarından biri deyib.

Onun sözlərinə görə, sərhəddə hələ də azı 500 nəfər öz ölkəsinə qayıdacağını gözləyir.

“Havanın temperaturu hər gün yüksəlir. Niyə dövlətimiz bizi bu cür əzab-əziyyətə məhkum edir, öz ölkəmizə görə utanırıq. Doğrudanmı, bizi Azərbaycana keçirmək və orada çadırlarda yerləşdirmək çox çətindir?” bir ay yarımdır Dağıstan sərhəddində olan vətəndaş belə deyib.

Sərhəddən keçidin sürətləndirilməsi tələbi ilə beş gün öncə başlayan aclıq aksiyası bu gün dayandırılıb.

Yaşlı nəslin nümayəndələri gəncləri aclığı dayandırmağa razı salıb, çünki bu, immunineti zəiflədir. Bundan əlavə, insanların toplanması və məsafəyə riayət edilməməsi virusun yayılmasına şərait yaradır.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Ölkəyə giriş-çıxışa iyunun 15-dək qadağa tətbiq edilib.Bununla yanaşı, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının xüsusi aviareyslər və quru yolları vasitəsi ilə Azərbaycana gətirilməsi davam etdirilir.

Yüz minlərlə Azərbaycan vətəndaşının yaşadığı Rusiya və Türkiyədən insanların ölkəyə gətirlməsində problemlər davam etməkdədir. Belə ki, hökumət rəsmiləri bu ölkələrdə qalan çoxsaylı vətəndaşların ölkədə karantinə yerləşdirilməsi və müayinə-müalicəsi üçün imkanalrın məhdud olduğunu bildirir. Bu səbəbdən də həmin insaların ölkəyə vaxtaşırı müəyyən sayda buraxıldığını bildirirlər.

Rusiyanın Azərbaycanla sərhədində toplaşan Azərbaycan vətəndaşlarının probleminin həlli mayın 18-də iki ölkənin prezidentləri və sonra xarici işlər nazirləri səviyyəsində də müzakirə olunub. Buna baxmayaraq problem hələ də həllini gözləyir.

XS
SM
MD
LG