Accessibility links

Rusiyanın Ali Məhkəməsi “Memorial” təşkilatının bağlanması barədə qərar çıxarıb


Rusiyanın Ali Məhkəməsi çərşənbə axşamı ölkənin tanınmış insan haqları təşkilatlarından biri olan “Memorial”ın bağlanması barədə qərar çıxarıb.

Prokurorlar “Memorial”ı nəşrlərini xarici agent adı altında qeyd etməməkdə ittiham edib. Qrupun eləcə də keçmiş Sovet İttifaqını ləkələdiyi və “nasist cinayətkarları” reabilitasiya etdiyi bildirilib.

Memorial ittihamları siyasi motivli sayaraq rədd edib, təşkilatın rəhbərləri isə işlərini davam etdirəcəklərinə söz verib.

Sovet lideri İosif Stalin dövründə cinayətləri sənədləşdirməklə tanınan “Memorial” son zamanlar Rusiya lideri Vladimir Putinin tənqidçilərinin susdurulması cəhdlərinə qarşı çıxırdı.

"Memorial" bildirib ki, “xarici agentlər” haqqında qanun müstəqil təşkilatları sıxışdırmaq üçün hazırlanıb və onun ləğvi üçün heç bir hüquqi əsas görmür. İnsan haqlarını müdafiə təşkilatı olan ”Memorial” “xarici agent” siyahısına 2015-ci ilin noyabrında daxil edilib.

Hüquq müdafiəçiləri təşkilatın ləğvi üçün heç bir hüquqi əsasın olmadığını hesab edir. Yüzlərlə rusiyalı və xarici mədəniyyət xadimi, Nobel mükafatı laureatları və jurnalist prezident Vladimir Putinə müraciət imzalayaraq, ondan təşkilata qarşı təqibləri dayandırmağı xahiş edib.

“Memorial” 1980-ci illərdə Sovet lideri Mixail Qorbaçovun “qlasnost” islahatları dövrü yaranıb və vətəndaş cəmiyyətində aparıcı sözə malik təşkilata çevrilib.

XS
SM
MD
LG