Accessibility links

ABŞ və 17 digər ölkə Rusiyanın media və jurnalistlərə qarşı təqiblərini pisləyən bəyanata imza atıb


Birləşmiş Ştatlar və Böyük Britaniya da daxil olmaqla, 18 dövlət Rusiya hökumətinin ölkədəki “müstəqil jurnalistlərə və media orqanlarına təzyiqlərini gücləndirməsindən” dərin narahatlığını ifadə edib.

Media Azadlığı Koalisiyası adı altında oktyabrın 28-də açıqlanan bəyanata Avstraliya, Kanada, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, İslandiya, Latviya, Litva, Hollandiya, Yeni Zelandiya, Slovakiya və Sloveniya ilə yanaşı Ukrayna və Şimali Makedoniya da imza atıb.

Bəyanatda deyilir ki, “media azadlığı azad və açıq cəmiyyətlərin səmərəli fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir və insan haqları və əsas azadlıqların qorunması üçün vacibdir”.

Doxa tələbə jurnalının editorları məhkəməyə çağırılıb
Doxa tələbə jurnalının editorları məhkəməyə çağırılıb

Rusiya hökuməti müstəqil media orqanlarına, vətəndaş cəmiyyətləri qruplarına, hüquq müdafiəçilərinə və digərlərinə qarşı getdikcə təzyiqləri artırmaqda, “arzuolunmaz” şəxslər və ya qruplarla, həmçinin “xarici agentlər” adlanan təşkilatlara qarşı olan qanunlardan istifadə etməkdə ittiham olunur.

18 ölkənin imzaladığı bəyanatda deyilir ki, Rusiya hakimiyyəti 2021-ci ildə də “həbsdə olan müxalifətçi Aleksey Navalnıya dəstək aksiyaları zamanı jurnalistləri sistemli şəkildə həbs etməyə və onlara qarşı sərt rəftara davam edir”.

Bəyanatda həmçinin aprel ayında Doxa tələbə jurnalının ofisində "saxta ittihamlarla" əlaqədar axtarış aparıldığı və dörd redaktorun azadlığına ciddi məhdudiyyətlər qoyulduğu deyilir.

Qrupun istinad etdiyi digər zorakılıqlara iyunun 29-da Rusiya hökumət orqanlarının The Project araşdırma xəbər saytının əməkdaşlarının mənzillərində keçirdiyi reydlər də daxildir.

Bəyanata Rusiyanın Krımdakı işğalçı hakimiyyət orqanlarının Azadlıq Radiosunun müstəqil müxbiri Vladislav Yesipenkonu mart ayından bəri həbsdə saxladığı və “həbsxanada ona işgəncə verildiyi“ də əlavə edilib.

Bəyanatda həmçinin deyilir ki, Rusiya hakimiyyəti oktyabrın 8-də Navalnının zəhərlənməsi ilə bağlı araşdırma aparan Bellingcat adlı beynəlxalq araşdırmaçı jurnalistika layihəsinə “xarici agent” damğasını vurub.

Bəyanatda Rusiya hökuməti insan haqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə, “media azadlığına hörmət etməyə və jurnalistlərin təhlükəsizliyini təmin etməyə” çağırılır.

XS
SM
MD
LG