Accessibility links

Rusiyanın Baş Prokurorluğu Ali Məhkəmədən Memorial-ın beynəlxalq şöbəsini bağlamasını istəyib


Rusiyanın Baş Prokurorluğu Ali Məhkəmədən ölkənin tanınmış insan haqları qruplarından biri olan “Memorial”ın mübahisəli “xarici agentlər” haqqında qanunun tələblərinə əməl etmədiyinə görə beynəlxalq şöbəsini bağlamasını istəyib.

Beynəlxalq Memorial 2016-cı ilin oktyabrında "xarici agentlər" siyahısına əlavə edilib. Qrup noyabrın 11-də iş üzrə məhkəmə iclasının noyabrın 25-də keçiriləcəyini bildirib.

Beynəlxalq Memorial "xarici agentlər" qanununun müstəqil təşkilatları sıxışdırmaq üçün nəzərdə tutulduğunu və təşkilatın ləğvi üçün heç bir hüquqi əsas görmədiyini deyib.

Qrupun noyabrın 11-də verdiyi bəyanatında "Biz Rusiyanın "xarici agentlər" qanunvericiliyinin qeyri-qanuni olduğunu və şüurlu şəkildə vətəndaş cəmiyyətini sıxışdırmaq üçün nəzərdə tutulduğunu dəfələrlə vurğulamışıq. Biz israr etmişik ki, bu qanun ləğv edilməlidir. Bu qanun qüvvədə olduğu müddətdə biz onun tələblərini yerinə yetirməyə borcluyuq" deyilib.

Moskvada yerləşən nüfuzlu təşkilatın başqa bir qolu olan insan haqları mərkəzi “Memorial”a da 2015-ci ilin noyabrında hökumətin “xarici agent” damğası vurulub.

Mərkəzləşdirilmiş strukturdan daha çox hərəkat olan Memorial 1980-ci illərin sonlarında Sovetin sonuncu lideri Mixail Qorbaçovun təşəbbüsü ilə həyata keçirilən “qlasnost” və “yenidənqurma” islahatları zamanı yaradılıb.

2018-ci ilə qədər Memorialın Rusiyaya səpələnmiş 60-dan çox filialı və qolu var idi ki, onların dörddə biri 2014-cü ildə və ya daha sonra yaradılıb.

Filiallar insan haqlarının qorunması, keçmişin sənədləşdirilməsi və siyasi repressiya qurbanlarının anım günlərinin qeyd olunmasında eyni marağı bölüşür.

Rusiya hökuməti siyasi fəaliyyətlə məşğul olan və xaricdən maliyyələşən təşkilatları, onlarla əlaqəsi olan şəxslərə damğa vurmaq üçün “xarici agentlər” ifadəsindən istifadə edir.

XS
SM
MD
LG