Accessibility links

Rusiya müdafiə naziri Azərbaycanda hərbi əməkdaşlıq məsələlərini müzakirə edib


Rusiya müdafiə naziri Azərbaycanda hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
Rusiya müdafiə naziri Azərbaycanda hərbi əməkdaşlıq məsələlərini müzakirə edib

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Azərbaycanda səfərdə olub. O prezident İlham Əliyev və müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.

Görüşlərdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi bildirilib. Rusiya müdafiə nazirinin səfərinin hərbi əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirlər Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələləri müzakirə edib.
Azərbaycan müdafiə naziri bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir, buna görə də aktivliyi artırmaq lazımdır.

O qeyd edib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir, əks halda vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.

Müstəqil ekspertlər danışıqlarda həmçinin Türkiyə-Ermənistan münasibətləri və İranın nüvə proqramı ilə bağlı məsələlərin də müzakirə edildiyini düşünür. Azərbaycan Avroatlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti

Sülhəddin Əkbər Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ilə Rusiya prezidentinin Türkiyəyə səfərinin eyni gündə baş verməsini təsadüf hesab etmir. “Cənab Serdyukov Rusiya dövlət başçısının müəyyən mesajlarını Azərbaycana gətirib. Bu mesajlar əsasən Cənubi Qafqazda mövcud durum və İrana qarşı gözlənilən sanksiyalarla bağlıdır”, - deyə o qeyd edib.

Cənab Əkbər hesab edir ki, Rusiya NATO-nun Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinin qarşısını almaq üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən güzəştlərə gedə bilər. “Amma bu güzəşt münaqişənin həllində ciddi dönüş yaratmayacaq. Rusiya regionda münaqişələri yaradıb və bundan siyasi təsir vasitəsi kimi istifadə edir”.

XS
SM
MD
LG