Accessibility links

Rusiya nümayəndə heyətləri Ermənistanda və Azərbaycanda görüşlər keçirib


Rusiya nümayəndə heyəti Azərbaycan prezidenti ilə görüşüb

Noyabrın 21-də Rusiya hökumətinin nümayəndə heyətləri Ermənistan və Azərbaycana səfər edib.

Nümayəndə heyətinə Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Xarici İşlər Naziri Sergey Lavrov, Baş Nazir müavinləri Aleksey Overçuk və Aleksandr Novak, Səhiyyə Naziri Mixail Muraşko, Federal Təhlükəsizlik Xidmətinin 5-ci İdarəsinin rəhbəri Sergey Beseda və hökumətin digər nümayəndələri daxildir.

Bakıda Prezident İlham Əliyevlə görüşdə rəsmilər Dağlıq Qarabağda rus sülhməramlılarının missiyasını və atəkəs haqda bəyanatın şərtlərinin yerinə yetirilməsini müzakirə ediblər.

"Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq," Əliyev bildirib. "Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər."

Ermənistanda görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət və onun sabitləşməsi, humanitar yardım, hərbi, hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.

Rusiya Müdafiə Naziri Sergey Şoyqu Ermənistan Baş Naziri Nikol Paşinyanla görüşündə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin qarşıda qoyduğu əsas vəzifə Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınması, sülhün bərqərar olmasıdır.

"Şübhəsiz ki, bu vəzifəni həyata keçirmək niyyətindəyik. Bundan əlavə, həm hərbi, həm də hərbi-texniki sahələrdə gələcək işbirliyimizlə yanaşı, sülhməramlılarımızın yaşayışı və fəaliyyəti ilə bağlı bir sıra məsələləri müzakirə etmək niyyətindəyik. Biz böyük bir proqramla gəlmişik və onun həyata keçirilməsinə ümid edirik," Sergey Şoyqu qeyd edib.

Müdafiə Naziri həmçinin Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesinin noyabrın 20-də başa çatdığını deyib. Onun sözlərinə görə, Qarabağda 23 müşahidə postu yerləşdirilib, rus sülhməramlıları Stepanakertə (Xankəndi) gedən yolu, Laçın dəhlizini idarə edir və bu marşrutlar üzrə hərəkəti, habelə qaçqınların geri qayıtmasını təmin edir.

Rusiya nümayəndə heyəti Ermənistan baş naziri ilə görüşüb
Rusiya nümayəndə heyəti Ermənistan baş naziri ilə görüşüb

Paşinyan Ermənistanın təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığı dərinləşdirməyə ümid etdiyini bildirib.

"Əlbəttə ki, müharibədən əvvəl çətin bir dövr var idi, amma indi daha çətin bir dövrdür. Ümid edirik ki, bu dövrdə Rusiya ilə yalnız təhlükəsizlik deyil, həm də hərbi-texniki sahədə əməkdaşlığımızı dərinləşdirə biləcəyik ," o qeyd edib.

Paşinyan, hazırda bölgədə fərqli geosiyasi vəziyyətin yarandığını deyib.

"Geosiyasi vəziyyət dəyişib və biz bu vəziyyətin bütün parametrlərini öyrənməliyik," o deyib.

"Əlbətdə, əminəm ki, Ermənistan və Rusiya arasında strateji əməkdaşlıq və qardaşlıq ruhunda strateji əlaqələrimiz gələcəkdə də dərinləşməkdə davam edəcək, qarşılıqlı fəaliyyətimiz daha da yaxın və strateji olacaq," baş nazir bildirib.

Rusiya Müdafiə naziri Sergey Şoyqu Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyanla görüşündə deyib ki, əsas məsələ atəşkəs rejiminə ciddi əməl edilməsidir ki, təxribatlara yol verilməsin.

"Buna ciddi nəzarət təşkil etməyinizi xahiş edirəm," Şoyqu qeyd edib.

Rus sülhməramlılarının Qarabağda necə qarşılanması ilə bağlı məsələyə toxunarkən o, deyib ki, sülhməramlıların təhlükəsizliyi təmin edilməlidir.

"Sizinlə işimiz onların təhlükəsiz işləməsini təmin etməkdir. Düşünürəm ki, birgə səylər göstərərək bunu yerinə yetirə biləcəyik ... Bu gün mövcud olan kövrək sülhü kimsənin pozmasına icazə verməməliyik, əminəm ki, sülh hər gün keçdikcə daha güclü və güclü olacaq," Rusiya müdafiə naziri deyib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Baş Nazir Paşinyanla görüşündə deyib ki, regionda qan tökülməsinə son qoyan və vəziyyəti bütün kontekstdə, o cümlədən humanitar sahədə sabitləşdirmək imkanı yaradan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Rusiya Ermənistanla hərtərəfli münasibətləri müzakirə etməkdə maraqlıdır.

Lavrov Rusiya sülhməramlılarının humanitar yardım daxil olmaqla razılaşmaların həyata keçirilməsində fəal iştirak etdiklərini söyləyib. Nazirin sözlərinə görə, bugünkü müzakirələrin gündəliyinə vətəndaşların ehtiyaclarının ödənilməsinə və mülki infrastrukturların bərpasına yönəldiləcək idarələrarası humanitar mərkəzin yaradılması və fəaliyyət göstərməsi daxildir. Ermənistan tərəfinin hazırladığı proqrama uyğun olaraq iqtisadi və enerji sahəsində aktual məsələlər də müzakirə ediləcək.

Qarabağ münaqişəsi zonasında barışığın qorunub saxlanılmasında Ankaranın roluna toxunan Lavrov deyib ki, Rusiya-Türkiyə müşahidə mərkəzi məsafədən idarə edilən rejimdə işləyəcək.

Rusiyanın TASS agentliyinin məlumatına görə, Sergey Lavrov Ermənistana səfərinin yekununda deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı bir neçə həftə əvvəl çox kəskin xarakter alan böhrandan çıxmağın alternativsiz, yeganə yoludur və bu, hamı tərəfindən qəbul edilib”.

“Müzakirələr zamanı bu bəyanatın təkcə ölkə daxilində deyil, həm də ondan kənarda şübhə altına alınması cəhdlərinin qəbuledilməz olduğu yekdilliklə vurğulandı. Bu bəyanatın işləməyə davam etməsi üçün hər şeyi etməyə qərarlıyıq,” o bildirib.

Lavrov əlavə edib ki, Ermənistanın baş naziri və prezidenti Rusiya nümayəndə heyəti ilə görüşlərdə Qarabağla bağlı razılaşmanın həyata keçirilməsinə tam sadiq olduqlarını təsdiqləyiblər.

Bu zaman Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, ən qısa zamanda Türk əsgərləri Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq.

“Quru qoşunlarımız hazırlıq işlərini başa çatdırır”, - o qeyd edib.

Hulusi Kılıc həmçinin minatəmizləmə əməliyyatlarına Türkiyənin Azərbaycana yardım edəcəyini deyib.

Bu arada xatıraladaq ki, təxmini hesablamalara görə münaqişə zonasında 50 mindən 100 minədək mina var.

Rəsmi məlumatlara görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov bu gün Bakıda prezident İlham Əliyevlə də görüşüb.

İlham Əliyev bildirib, birgə bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.

Dövlət başçısı Ermənistanın müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları pozduğunu diqqətə çatdırıb. 94 dinc sakinin həlak olduğunu, 400-dən çox adamın yaralandığını, 3 mindən çox evin yararsız vəziyyətə düşdüyünü deyib.

Əliyev bildirib ki, Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edib.

“Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.”

Əliyev Rusiya sülhməramlı missiyasının yerləşdirilməsini alqışladığını deyib.

“Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq. Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir.”

Prezident bildirib ki, həm Rusiya, həm də Türkiyə atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcək.

“Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq,” o qeyd edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, 23 post qurulub.

“Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir. Hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq,” o qeyd edib.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə Azərbyacan prezidenti ilə görüşdə bildirib ki, üç ölkənin razılaşmansını heç də hamı dərhal qəbul etməyib.

“Onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil.“

Nazir Lavrov ümid edir ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında məsələlərin həllinə qoşulacaqlar.

“Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir,” o qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin cümə günü, noyabrın 20-də Rusiyanın Azərbaycana və Ermənistana bir sıra nazirlik və idarələrin rəhbərlərindən ibarət nümayəndə heyət göndərəcəyini bildirib. Rusiya lideri deyib ki, nümayəndə heyətinin vəzifəsi humanitar məsələlər daxil olmaqla 9 noyabrda Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın tətbiqinə dair ən aktual məsələləri nəzərdən keçirmək olacaq.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandır;lması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Ermənistan noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonundan hərbi qüvvələrini çıxararaq Azərbaycana qaytarmalıdır. Ağdam rayonu cümə günü Azərbaycan qüvvələrinə təhvil verilib.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Şərhlərə bax

XS
SM
MD
LG