Accessibility links

Navalnının zəhərlənməsini araşdıran redaktor axtarışa verildiyini bildirir


Müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsi də daxil olmaqla, araşdırmaları ilə Kremli qəzəbləndirən rusiyalı redaktor rəsmilərin onun axtarışa verdiyini elan etdiyini bildirib.

The Insider qəzetinin baş redaktoru Roman Dobroxotov Reuters xəbər agentliyinə bildirib ki, rəsmilər onu Rusiya sərhədini qanunsuz keçməkdə ittiham edib.

Roman Dobroxotov hazırda Rusiyadan kənarda olduğunu və yerini açıqlamaq istəmədiyini bildirib. O, Rusiyanı necə tərk etdiyini də açıqlamayıb.

Daxili İşlər Nazirliyi şərh verməyib. Rəsmilər Dobroxotovun statusu barədə də heç bir məlumat verməyib.

Hakimiyyəti tənqid edən media qurumları və jurnalistlər bu ay keçirilən parlament seçkilərindən əvvəl təzyiqlərlə üzləşib və ölkədə siyasi sabitliyə təhdid hesab edilən insanlara qarşı kampaniya səngimək bilmir.

The Insider keçən ilin avqust ayında Navalnının zəhərlənməsinin arxasında təhlükəsizlik orqanlarının dayandığını bildirdikdən sonra hakimiyyəti qəzəbləndirib. Kreml Navalnının xəstələnməsinə görə heç bir məsuliyyət daşımadığını bildirib.

The Insider Rusiya hökumətinin bu il "xarici agent" mediası elan etdiyi bir çox media qurumlarından biridir.

Kreml mətbuat orqanlarının siyasi səbəblərdən hədəf alındığını inkar edib və onlara qarşı tədbirlərin yalnız qanuna əsaslandığını, xarici agentlər kimi qələmə verilən medianın Rusiyada işini davam etdirə biləcəyini deyib.

Dobroxotov Twitter səhifəsində cümə axşamı səhər polisin Moskvada onun ailəsinə və valideynlərinə məxsus iki mənzildə axtarış apardığını, mobil telefonları və kompüterləri müsadirə etdiyini yazıb. The Insider xəbər verir ki, polis əməkdaşları Dobroxotovun həyat yoldaşını da dindirmək üçün aparıb.

Dobroxotovun vəkili Yuliya Kuznetsova Reuters-ə müvəkkilinin sentyabrın 23-də axtarışa verildiyini bildirib.

XS
SM
MD
LG