Accessibility links

Rusiya parlamenti Navalnı tərəfdarlarının seçkilərdə iştirak etməsinə qadağa qoyan qanun layihəsini təsdiq edib


Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası "ekstremist" olaraq təyin olunan təşkilatların üzvlərinin və tərəfdarlarının hər hansı bir vəzifəyə seçilməsini qadağan edən qanun layihəsini təsdiq edib. Bu, həbsdə olan müxalifət siyasətçisi Aleksey Navalnı ilə əlaqəsi olan hər kəsin praktiki olaraq dövlət vəzifəsində işləməsini imkansız edir.

Palata tərəfindən iyunun 2-də təsdiqlənən qanun layihəsinə əsasən Rusiya məhkəmələri tərəfindən ekstremist və ya terrorçu elan edilən təşkilat rəhbərləri və təsisçilərinə beş il müddətinə vəzifələrə namizədliklərini irəli sürmələri qadağan ediləcək.

Bu təşkilatların digər üzvləri və ya işçiləri isə üç il müddətinə qadağa ilə üzləşəcək. Qanun layihəsinə Prezident Vladimir Putin imza atmalıdır.

Bu qanun layihəsi Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) zərərsizləşdirilməsinə dair cəhd kimi görünür. Hökumət sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Navalnının təşkilatını "ekstremist" qrup elan etməyə çalışır.

Korrupsiyaya Qarşı Mübarizə Fondun onsuz da ayrı bir qanuna əsasən cəzalandırıla bilən "xarici agent" elan edilib.

İnsan haqları üzrə təhlilçilər bu qanunun yalnız bir nəfərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutduğunu deyir.

Rusiya hökuməti sentyabr seçkiləri ərəfəsində müxalifətə qarşı təzyiqlərini gücləndirib və rəy sorğuları hakim Vahid Rusiya partiyasının indiyədək ən aşağı səviyyədə dəstəkləndiyini göstərir.

Navalnının regional qərargahı seçkilər zamanı Vahid Rusiya partiyasının üzvlərini məğlub etmə ehtimalı yüksək olan müxtəlif namizədləri tanıtmaq üçün hazırlanmış "ağıllı səsvermə" strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb.

Putinin ən sərt tənqidçisi olan Navalnı siyasi fəaliyyətinə görə uydurulduğunu dediyi mənimsəmə ittihamı ilə hazırda həbs cəzası çəkir.

Həbs olunduğu gündən bəri Kreml Navalnı və onun tərəfdarlarına qarşı kampaniyanı gücləndirib. Navalnının tərəfdarlarının çoxu isə həbs olunmaq qorxusu ilə ölkəni tərk edib.

XS
SM
MD
LG