Accessibility links

Məhkəmədə Navalnıya qarşı ifadə verməkdən imtina edən əsas şahid Rusiyanı tərk edib


Rusiyanın həbsdə olan müxalif siyasətçisi Aleksey Navalnıya qarşı davam edən məhkəmə prosesində ifadə verməkdən imtina edən əsas şahid Rusiyanı tərk edib.

Navalnının komandasının keçmiş üzvü Fyodor Qorojanko fevralın 23-də "Mozjem obyasnit" Telegram kanalına bildirib ki, o, hazırda adı açıqlanmayan xarici ölkədədir.

"Mən [şəxsi] təhlükəsizliyim səbəbi ilə [ölkəni tərk etdim]. Məhkəmədə dediklərim aydındır. Bunun əks təsirləri mümkün idi. Artıq müstəntiqlər qrupunu kifayət qədər qıcıqlandırmışam. Onların reaksiyası qaçılmaz idi" - deyə, Qorojanko Telegram kanalına bildirib.

İki gün əvvəl prokurorlar tərəfindən Navalnının məhkəməsinə çağırılan Qorojanko Navalnıya qarşı işin “absurd” olduğunu, müstəntiqlərin ona təzyiq göstərdiyini və məhkəmə zamanı onun nə deyəcəyini öyrətməyə çalışdığını deyib.

Navalnının siyasi motivli olaraq rədd etdiyi mənimsəmə ittihamları üzrə məhkəmə Vladimir vilayətindəki cəzaçəkmə koloniyasında keçirilir.

Qorojanko bildirib ki, məhkəmə başlamazdan əvvəl müstəntiq xatırlayıb-xatırlamadığını təkrar yoxlamaq üçün ifadəsinin mətnini ona verib.

Navalnının komandasının bəzi üzvləri Qorojankonun həbsdə olan siyasətçinin tərəfdarlarının saytında qeydiyyatdan keçmiş Navalnı tərəfdarlarının şəxsi məlumatlarını sızdırdığından şübhələnirdilər. İddia Qorojanko tərəfindən rədd edilib.

Qorojankonun fikrincə, müstəntiqlər onu keçmiş həmkarları və Navalnı ilə yola getmədiyini düşünərək, məhkəmə işi üzrə əsas şahid kimi seçib.

Moskvanın Lefortovo rayon məhkəməsi məhkəmə prosesini fevralın 21-də 2 saylı İslah Koloniyasında davam etdirib.

Navalnı 2021-ci ilin yanvarında Almaniyada müalicədən qayıtdıqdan sonra bir neçə həftə ərzində daha öncəki cəzasının şərtlərini pozduğuna görə 2 il yarım həbs cəzasına məhkum edilib. Onun həbsi saxta ittihamlara əsaslanan və siyasi motivli hesab olunur.

Kreml onun Almaniyada müalicəsi ilə nəticələnən və Qərbin qınaq və sanksiyalarına səbəb olan zəhərlənməsində rol oynadığını inkar edir.

XS
SM
MD
LG