Accessibility links

Rusiya məhkəməsi mitinqlər zamanı həbs olunan etirazçılara sərt cəzalar verir


Moskva məhkəməsi Rusiya aktyoru Pavel Ustinovu keçən ay icazəsiz etiraz aksiyası zamanı bir polis işçisinə qarşı zor tətbiq etmək ittihamı ilə 3 il yarım həbs cəzasına məhkum edib. Pavel Ustinov ittihamları rədd edib və nümayişdə iştirak etmədiyini deyib. Bu hökm icazəsiz mitinqlər zamanı həbs olunan etirazçılara verilən sərt cəzaların sonuncusudur.

Pavel Ustinov
Pavel Ustinov

Rusiyanın 23 yaşlı aktyoru Pavel Ustinov Moskvada keçirilən etiraz yürüşü zamanı bir polis işçisinin çiynini zədələməkdə ittiham edilib. Ustinov ittihamı rədd edərək, yürüşdə təsadüfən olduğunu deyib. Onun həbsi zamanı çəkilən video sosial mediada geniş yayılıb. “Məhkəmə işinə əlavə edilən videoda heç kimin ağrıdan əzab çəkmədiyini, kiminsə çiyninin zədələnmədiyini, əllərin hərəkətdə olduğunu, polis işçilərinin müdafiə etdiyim şəxsi döydüklərini aydın şəkildə görmək olur. Bu, tamamilə cəfəngiyyatdır” deyə, Ustinovun vəkili Dmitri Çeşkov bildirir.

Ustinov sentyabrın 8-də Moskva seçkilərində müxalifət namizədlərin də iştirakı tələbi ilə keçirilən etiraz aksiyası zamanı həbs edilərək, mühakimə edilən 6 nəfərdən biridir.

Rusiya prezidenti Vladimir Putin insanların etirazlarını ifadə etməyə haqları olduğunu, lakin bunu icazəli nümayişlərdə edə biləcəklərini deyib. “Mən inanıram ki, onların etiraz etmək hüququ var. Bəzən bu, müsbət nəticə verir, çünki rəsmiləri hərəkət etməyə məcbur edir.”

Lakin Moskva rəsmilərinin seçkilərdən əvvəl nümayişlərin çoxuna qadağa qoymasına baxmayaraq, müxalifət liderləri insanları küçələrə çıxmağa çağırdı. Seçkilərdən əvvəl həftələrlə keçirilən etiraz aksiyaları zamanı polis azı 2 min nəfəri həbs etdi. Tanınmış müxalifət lideri Aleksey Navalnı bir ay müddətinə həbs edildi. Polis həmçinin Rusiyanın hər yerində 43 ofisdə reyd keçirdi. Navalnının Novosibirsk ofisinin rəhbəri Sergey Boyko reyddən əvvəl vacib elektron sənədlərin ölkədən xaricə göndərilməsi üçün drondan istifadə edib. "Salam dostlar! Bu, drondakı sərt disklər çox vacib olanlardır. Onlarda çox qiymətli məlumatlar var. `O niyə uçur?`- deyə, soruşa bilərsiniz. Çünki polis evimdə axtarış aparmaq üçün qapının arxasındadır".

Aleksey Navalnı
Aleksey Navalnı

Diqqətə layiq digər işlər isə proqramçı Konstantin Kotovun dinc nümayişlərdə iştirak etdiyi üçün 4 il, bloger Vladislav Sinitsanın isə Tweeter-də yazdıqlarına görə 5 il müddətinə azadlıqdan məhrum edilməsidir.

BMT-nin İnsan Hüquqları üzrə müvəkkili Mişel Baçelet Moskva bələdiyyə seçkilərindən əvvəl və seçkilərin keçirildiyi müddətdə polis zorakılığı ilə bağlı narahatlığını ifadə edib. “Mən İnsan Haqlarına dair Prezident Şurasının polis tərəfindən ifrat güc tətbiq edilməsi ilə bağlı araşdırmalara dair çağırışlarını dəstəkləyirəm və hakimiyyəti ifadə azadlığını, dinc toplaşmaq hüququnu və ictimai işlərdə iştirak hüququnu müdafiə etməyə çağırıram."

XS
SM
MD
LG