Accessibility links

Anapada Navalnıya hücum olub


Bir qrup şəxs Rusiyanın cənubunda yerləşən Anapa şəhərinin hava limanında müxalifət lideri Aleksey Navalnı və onun anti-korrupsiya ilə mübarizə təşkilatının üzvlərinə hücum edib.

Hücum edən bəzi şəxslər kazak formasında olub. Onlar Navalnı və onun həmkarlarını yerə yıxaraq, onların üstünə süd töküblər. Navalnının həmkarlarından ibarət qrupda qadın və uşaqlar da olub.

Navalnı və onun altı həmkarı hücum zamanı xəsarət alıb. Onun sözçüsü Kira Yarmış Tvitter hesabından bildirib ki, qrupun üzvlərindən biri xəstəxanaya aparılıb. Onun sözlərinə görə, yaxınlıqda olan iki polis zabiti hücumun qarşısını almaq üçün cəhd göstərməyib.

Navalnı Tvitter hesabında təxminən 30 adamın onlara hücum etdiyini yazıb.

39 yaşlı müxalifət lideri və onun təsis etdiyi fondun 30-a yaxın üzvü həftə sonu şəhər ətrafında tədbir keçirdikdən sonra çərşənbə axşamı günü Qara dəniz sahilindəki Anapa şəhərinin hava limanına gəldikləri zaman hücuma məruz qalıb.

Navalnı hadisəyə görə prezident Vladimir Putin də daxil olmaqla, hökumətin yüksək səviyyəli rəsmilərini günahlandırıb. Rusiyanın dövlət televiziyasında aprel ayında nümayiş etdirilmiş sənədli filmdə Navalnı Britaniya və ABŞ-ın kəşfiyyat agenti kimi təsvir edilib.

Özlərini mühafizəkar vətənpərvərlər adlandıran Kazak yarı hərbi dəstələrinin üzvləri 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə kömək ediblər.

2014-cü ildə Kazak yarı hərbi dəstələrinin üzvləri Soçidə Qış Olimpiya Oyunları zamanı Putin əleyhinə mahnı oxumağı planlaşdıran Pussy Riot musiqi qrupuna hücum etmişdi.

XS
SM
MD
LG