Accessibility links

Rusiya Ordusunun Azərbaycana daxil olmasından 101 il keçir


Aprelin 28-də bolşevik ordusnun Azərbaycana daxil omasının 101-ci ili tamam olur.

Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Demokratik Respublikasını devirib.

Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi bayram edilib. Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə (hazırda 20 Yanvar meydanı) Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il yanvarın 20-də Bakıya daxil olan sovet qoşunları müstəqillik uğrunda dinc etiraz keçirən onlarla Azərbaycan vətəndaşını qətlə yetirib.

1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqilliyinə qovuşub.

Yuxarı Qarabağda yerləşdirilən ordu, hansı ad altında olmasından, necə adlandırılmasından asılı olmayaraq Cavad xanı Gəncə divarları üzərində qətlə yetirən, 27 apreldə Azərbaycanı işğal edən, 20 Yanvar və Xocalı qırğınlarını törədən işğalçı rus ordusudur
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Müsavat Partiyasının başqanı Arif Hacılı arxiv materiallarına istinadən Amerikanın Səsinə bildirib ki, Azərbaycanın işğalından sonra 1920-ci il aprelin 27-dən 1921-ci ilin avqustuna qədər ölkədə 48 min nəfər qırmızı terrorun qurbanı olub.

“1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnib. XI Qızıl Ordunu xilaskar kimi qarşılayan müsavatçılara və digər istiqlalçılara divan tutanların demək olar ki, hamısı sonrakı mərhələdə, 30-cu illər repressiyası dövründə məhv edilib.”

Müsavat başqanının firkincə, 27 Aprel Azərbaycan tarixinin ən faciəli günlərindən biridir.

“Təəssüf ki, faciələrimizdən nəticə çıxarmadıq. Bu səbəbdən 20 yanvar, Xocalı faciləri baş verdi. Elçibəy hakimiyyəti tərəfindən 27 il əvvəl ölkədən çıxarılan rus ordusu ötən il noyabrın 10-da xalqımızdan xəbərsiz, xəlvəti olaraq, gecə saatlarında yenə Azərbaycana gətirildi. Bu gün Yuxarı Qarabağda yerləşdirilən ordu, hansı ad altında olmasından, necə adlandırılmasından asılı olmayaraq Cavad xanı Gəncə divarları üzərində qətlə yetirən, 27 apreldə Azərbaycanı işğal edən, 20 Yanvar və Xocalı qırğınlarını törədən işğalçı rus ordusudur,” Arif Hacılı Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG