Accessibility links

Rusiya prezidenti və Ermənistan Baş naziri Azərbaycan-Ermənistan arasındakı durumu stabilləşdirmək üzrə tədbirləri müzakirə edib


Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 21-də telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti və onun stabilləşdirilməsi üzrə tədbirləri müzakirə edib.

Bu barədə bu gün, noyabrın 21-də Kremlin mətbuat xidməti məlumat yayıb.

“Müzakirələr regiondakı vəziyyətin və onun stabilləşdirilməsi istiqamətində görülən tədbirlər, Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası kontekstində davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib. Gələcək təmaslar barədə razılığa gəlinib,” Rusiya prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Keçən həftə çərşənbə axşamı əvvəlki telefon söhbəti zamanı Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində ciddi döyüşlərdən sonrakı vəziyyəti və Paşinyanın Putinə hərbi yardım üçün müraciətini müzakirə edib.

Xəbərdə telefon söhbətinin hansı tərəfin təşəbbüsü ilə aparıldığı açıqlanmayıb. Lakin Ermənistan liderinin noyabrın 9-da Vladimir Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə görüşü baş tutmayıb. Bundan sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dekabrın 15-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində iki ölkə liderinin görüşünün olacağı barədə məlumatlar yayılıb.

Bundan öncə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin təşəbbüsü ilə noyabrın əvvəllərində Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağını bildirib.

Liderlərin görüşü baş tutmayıb və noyabrın 13-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində gərginliyin artdığı müşahidə edilib. Noyabrın 16-da gərginlik hər iki tərəfdən artilleriyanın tətbiqi ilə lokal döyüşlər şəklində davam etdirilib.

Hər iki tərəf döyüşlərin başlamasına görə bir-birini günahlandırıb. Tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşi dayandırıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçisi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 1 hərbçisi həlak olub, 13 hərbçisi əsir düşüb, 24 əsgərin taleyi məlum deyil.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG