Accessibility links

Rusiya prezidentinin Dağlıq Qarabağla bağlı fikirləri Azərbaycanda müzakirələrə yol açıb


Rusiya prezidenti Vladimir Putin "Rossiya 24" telekanalına müsahibəsində Dağlıq Qarabağ məsələsi ətrafında fikrilərini bölüşüb.

Vladimir Putin: Ermənistanın razılaşmadan imtinası intihar olar

Rusiya prezidenti oktyabr ayında Azərbaycan lideri İlham Əliyevi qaçqınların Şuşa şəhərinə qayıtması şərti ilə Qarabağdakı hərbi əməliyyatları dayandırmağa inandırdığını söyləyib, lakin Ermənistan buna qarşı çıxıb.

O, 19-20 oktyabr tarixlərində həm Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları apardığını söyləyib.

Putin
Putin

Putinə görə, gözlənilmədən İrəvan bu təklifi "onlar üçün qəbuledilməzdir" cavablandırıb.

"Paşinyan mənə birbaşa bunu Ermənistan və Qarabağın mənafeləri üçün bir təhdid olaraq gördüyünü söylədi," prezident bəyan edib.

Dövlət başçısı əlavə edib ki, döyüşlər bitməmişdən əvvəl Qarabağdakı vəziyyət kritik idi, vaxt az olduğundan ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparmaq mümkün deyildi.

Eyni zamanda, o deyib ki, Ermənistanın 10 noyabrda Qarabağla bağlı razılaşmadan imtina etməsi bu ölkə üçün intihar olardı.

"Azərbaycanın silahlı qüvvələri Şuşaya nəzarəti ələ almışdı. Və Paşinyanın dürüst dediyi kimi vəziyyət Ermənistan tərəfi üçün kritik idi. Söhbət saatlardan gedirdi. Stepanakerti (Xankəndi-red) tutmaq və daha da irəliləmək real idi. Bu şəraitdə dərhal hərbi əməliyyatları dayandırmaq erməni tərəfinin maraqlarına cavab verirdi," Putin vurğulayıb.

Buna görə də Paşinyana qarşı xəyanətdə ittihamların əsası yoxdur. Putinin sözlərinə görə, hazırkı vəziyyətdə Ermənistan hakimiyyəti 10 noyabrda imzalanan müqavilədən çıxması intihar olar.

Putin Qarabağdakı rus qoşunlarının sayının hazırda yetərli olmasından danışıb. Sayda artım yalnız tərəflərin razılığı ilə mümkündür.

Rusiya prezidenti Dağlıq Qarabağın son statusunun həll olunmadığını, Moskvanın isə status-kvonu qoruduğunu vurğulayıb.

"Bundan sonra nə olacaq, gələcəkdə buna qərar verilməli olacaq: ya gələcək liderlər, ya da bu prosesin gələcək iştirakçıları. Ancaq, mənim fikrimcə, normal bir həyat üçün, Ermənistan ilə Azərbaycan arasında, insanlar arasında münasibətlərin bərpası üçün şərait yaradılsa, Qarabağın statusunu təyin etmək üçün şərait yaradılacaq," Putin deyib.

Putin beynəlxalq ictimaiyyətin Qarabağı hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını xatırladıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələyə müdaxilə edə bilməzdi, çünki “heç kim təşkilata üzv olan Ermənistana təcavüz etmirdi.”

"Bu, bizə bu döyüşlərdə birbaşa iştirak etmək hüququ vermədi," prezident bəyan edib.

O vurğulayıb ki, beynəlxalq hüquqa görə Azərbaycan müharibə zamanı ərazilərini, Qarabağı və ətrafındakı yeddi rayonu geri qaytarıb, beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərini tanıyır.

Türkiyənin nizamlanmada iştirakına toxunaraq Putin Azərbaycanın müttəfiqlərini seçmək hüququna malik olduğunu və heç kimin bunu qadağan edə bilməyəcəyini deyib. Rusiya və Türkiyə hərbiçilərinin birlikdə sülhməramlı əməliyyatın gedişatını izləyəcəyi Monitorinq Mərkəzinə gəlincə, bu, Azərbaycanın zəruri hesab etdiyi məkanda yerləşəcəkdir.

Eyni zamanda Putin ermənilərin türklərə qarşı mənfi münasibəti səbəbindən türk ordusunun sülhməramlı əməliyyatda çətinliklə iştirak edə biləcəyinə inandırdığını söyləyib.

Son döyüşlərin nəticələri ilə bağlı qısa xülasə

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Qarabağ istiqamətində sentyabrın 27-də hərbi əməliyyatlar bərpa edilib. Ağır döyüşlər nəticəsində Azərbaycan beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini azad edib. 44 gün davam edən döyüşlərdən sonra noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı birgə bəyanatla hərbi əməliyyatların dayandırlması barədə razılıq əldə edilib. Razılaşmaya əsasən Ermənistan dekabrın 1-dək nəzarətində olan ərazilərindən hərbi qüvvələrini çıxararaq Azərbaycana qaytarmalıdır.

Bəyanata uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Razılaşmaya əsasən münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Rusiya və Türkiyə hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yerləşdiriləcək. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Rusiya prezidentinin müsahibəsi Azərbaycanda geniş müzakirələrə yol açıb. Sosial şəbəkələrdə açılan geniş müzakirələrdə Valdimir Putinin firkirləri müxtəliv mövqelərdən yozulur.

İlham Əliyev: Heç bir statusdan söhbət gedə bilməz

Prezident İlham Əliyev noyabrın 17-də azad edilmiş Füzuli rayonuna səfəri zamanı Dağlıq Qarabğda yaşayan ermənilərin təhlükəsizliyi məsələsinə toxunub. Prezident Dağlıq Qarabağa hər hansı status verilməyəcəyini bir daha bəyan edib.

İlham Əliyev
İlham Əliyev

“Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar,” prezident Əliyev qeyd edib.

Azərbaycan Rusiya Prezidentinin fikirlərinin xüsusi əhəmiyyət kəsb etdiyni bildirir

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi bildirir ki, prezident Putinin fikirləri Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir.

Xarici İşlər Nazirliyinin qənaətincə, Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözlər xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

“Rusiyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in və digər beynəlxalq təşkilatların qərarlarının möhkəm təməlinə söykənir.”

Nazirliyin fikrincə, Rusiya Prezidentinin müsahibəsində səsləndirdiyi “Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistanın nəzarəti altında olması” barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır.

“Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimini ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiq edir.”

Rusiya Prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmaların şərtlərinin yerinə yetirməkdən ehtimal edilən imtinanı "böyük səhv" və hətta "intihar" kimi xarakterizə edib.

“Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Rusiya Prezidentinin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır,” Mətbuat Xidməti İdaeəsi qeyd edib.

Nikol Paşinyan: Qarşıda Artsaxın (Dağlıq Qarabağ) statusu məsələsi durur

Ermənistanın Baş naziri Nikol Paşinyan Facebok səhifəsində canlı yayımda deyib ki, yaxın gələcəkdə Ermənistan hakimiyyətinin qarşısında aşağıdakı vəzifələr durur.

Nikol Paşinyan hərbçilərin abidəsi önündə (Foto news.am saytından götürülüb)
Nikol Paşinyan hərbçilərin abidəsi önündə (Foto news.am saytından götürülüb)

“Artsaxın (Dağlıq Qarabağ) statusu və Artsax xalqının yaşayış yerlərinə qayıtması, ATƏT-in Minsk qrupu həmsədrləri formatında Dağlıq Qarabağ sülh prosesinin bərpası, Qarabağda normal həyatın bərpası, həlak olmuş hərbi qulluqçuların ailələrinə və vətəndaşlara sosial təminat verilməsi,” o qeyd edib.

Fərhad Məmmədov: Dağlıq Qarabağın erməni əhalisi vətəndaşlığını seçməlidir

Politoloq Fərhad Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər diplomatlar indiyədək terminologiyalarında Dağlıq Qarabağ və ətraf rayonları ayırırdı. Sanki işğal ərazisi deyəndə ətraf rayonları nəzərdə tutmurdular.

Fərhad Məmmədov
Fərhad Məmmədov

“Amma Rusiya prezidenti Vladimir Putin müsahibəsində beynəlxalq hüquqa əsaslanaraq Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycan ərazisi olduğunu birmənalı olaraq bir daha təsdiq etdi.”

Fərhad Məmmədov: Dağlıq Qarabağın erməni əhalisi vətəndaşlığını seçməlidir
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Politoloqun fikrincə, Putinin Dağlıq Qarabağın statusu ilə bağlı dedikləri gələcək danışıqların mövzusu ola bilər.

“Amma hələ danışıqların formatının necə olacağı məlum deyil. Bundan öncə, Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparırdı. Ermənistanla danışıqlar aparılmasının səbəbi bu ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazisni işğal etməsi idi. Amma dekabrın 1-dək Ermənistan baş nazirinin də etiraf etdiyi kimi bu ölkənin silahlı qüvvələri Azərbaycan ərazilərini tərk edəcək. Bundan sonra Ermənistanın Azərbaycanla danışıqları üçün hər hansı əsas qalmır. Burada, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanda olduğunu etiraf edib və həmin qüvvələri çıxaracağı ilə bağlı öhdəlik götürüb. İkinci məsələ isə, Dağlıq Qarabağda olan erməni əhalisinin hansı ölkənin vətəndaşlığını qəbul etməsidir. Əgər Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlığını qəbul etməsə, o zaman onlar Azərbaycan ərazisində daimi yaşamaq statusu ilə qala bilməzlər. O insanlar da seçim aparmalıdır, əgər Ermənistan vətəndaşlığını qəbul edirlərsə öz ölkələrinə köçməlidirlər. Azərbaycan vətəndaşlığını qəbul edirlərsə onların hüquqları, birgəyaşayış qaydalarının formaları sühməramlı qüvvələrlə və ya BMT Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə mövzusu ola bilər. Bu müzakirələrin Ermənistana aidiyatı yoxdur,” politoloq belə düşünür.

İlqar Məmmədov: Qrafik var, Ağdam, Kəlbəcər, Laçın...

Respublikaçı Alternativ-ReAL Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, hazırki həssas məqamda Rusiya prezidentinin müsahibəsində ifadə olunan münasibətlərin dərinliyinə getməyin faydası olmaya bilər.

İlqar Məmmədov
İlqar Məmmədov
İlqar Məmmədov: Qrafik var, Ağdam, Kəlbəcər, Laçın...
please wait

No media source currently available

0:00 0:01:52 0:00

“Rusiya prezidentinin dedikləri ərazidə 1 dekabr daxil olmaqla, nələrin baş verəcəyi konteksində qiymətləndirilə bilər. Yəni, sadəcə sözlərə qiymət vermək düzgün olmaz. Ona görə, bu ərazidə, yəni Ağdam, Laçın, Kəlbəcərdə 1 dekabra qədər baş verənlərin tamamlanmasını görəndən sonra biz onun sözlərinə qiymət verə bilərik. Mən bütövlükdə belə düşünürəm. Bunun da səbəbi odur ki, bu saat danışıqların, münasibətlərin ən həssas məqamıdır. Hər bir söz bu danışıqlara mənfi təsir göstərə bilər və ya kontekstdən çıxarıla bilər. Qrafik var, Ağdam, Kəlbəcər, Laçın. Bunlar baş verəndən sonra biz Putinin dediklərinə ətraflı münasibət bildirə bilərik,” o qeyd edib.

Arif Hacılı: Azərbaycan bütün xalqların, o cümlədən ermənilərin təhlükəsizliyini təmin edən dövlətdir

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Vladimir Putin müsahibəsində bəzi həqiqətləri dilə gətirib və Azərbaycan Ordusunun qələbəsindən danışıb.

Arif Hacılı
Arif Hacılı

“Ancaq Rusiyanın bu münaqişədə rolu ilə bağlı dedikləri bir qədər həqiqəti əks etdirmədi. Müharibə Rusiya sülhməramlılarının müdaxiləsi ilə deyil, Ermənistanın müharibəni davam etdirə bilməməsi səbəbindən dayandırıldı. Ermənistan Ordusu darmadağın edilmişdi. Başqa məsələ, Dağlıq Qarabağdakı erməni əhalisi ilə bağlı onun narahatlığı ilə əlaqədardır. Əslində hazırda Dağlıq Qarabağdan kənarda otuz minədək, o cümlədən Bakıda on mindən çox erməni millətindən olan Azərbaycan vətəndaşları yaşayır. Onların hər hansı təhlükəsizlik problemi yoxdur. Azərbaycan bütün ərazisində, o cümlədən Yuxarı Qarabağda yaşayan xalqların, həmçinin ermənilərin təhlükəsizliyini və vicdan azadlığını təmin etməyə qadir bir dövlətdir. Bunun üçün Azərbaycanın hər hansı bir dövlətin dəstəyinə, xüsusilə hərbi dəstəyinə ehtiyacı yoxdur.”

Arif Hacılı: Azərbaycan bütün xalqların, o cümlədən ermənilərin təhlükəsizliyini təmin edən dövlətdir
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Müsavat başqanı hesab edir ki, Rusiya prezidenti Dağlıq Qarabağın statusu məsələsindən dövlətinin Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün istifadə edir.

“Əslində, Dağlıq Qarabağda və ölkənin bütün ərazisində yaşayan insanların statusu bəllidir, Azərbaycan vətəndaşlarıdır. Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməyəcəyini arzu etdiyini desə də, digər tərəfdən status məsələsini gündəmə gətirməklə görünür dondurulmuş münaqişə situasiyası yaratmağa çalışır. Azərbaycan hakimiyyəti, həm də Azərbaycan Ordusunun parlaq qələbəsi fonunda bu məsələni birdəfəlik həll etməlidir. Azərbaycan hökuməti ermənilərin təhlükəsizliyinə özü tam qarantiya verməli və bu məsələlərlə bağlı Ermənistan rəhbərliyi ilə birbaşa ikitərəfli danışıqlara başlamalıdır,” Müsavat başqanı qeyd edib.

Araik Harutunyan erməniləri Dağlıq Qarabağa qayıtmağa çağırır

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun prezidenti Araik Harutunyan sosial mediada verdiyi bəyanatda öz ailəsinin Xankəndinə (Stepanakert) döndüyünü elan edib.

“Artsax (Dağlıq Qarabağ) böyük məşəqqətdən sona yaşamaqda davam etməlidir, və situasiyadan asılı olmayaraq biz heç bir şübhəsiz öz uşaqlarımızın gələcəyini quracağıq,” o deyib.

Harutunyan bütün dövlət rəsmilərinə erməni ailələrin qarşıdan gələn günlərdə ərazidə yenidən yerləşdirlməsi üçün ölçülər götürmək üçün müraciət edib.

Ötən günlərdə Harutunyan Dağlıq Qarabağa gəlmiş Rusiya sülhməramlılarının komandirləri ilə görüşlər keçirib.

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvə göndərilməsi barədə qanun qəbul edib

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun qəbul edib.

Sənəd parlamentin bu gün, noyabrın 17-də keçirilən iclasında müzakirə olunub. Bir gün əvvəl bu sənəd prezident Ərdoğan tərəfindən parlamentə təqdim edilib.

Qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

"Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Dağlıq Qarabağla bağlı razılaşmaların texniki tərəfləri barədə danışıqlar aparılıb. Bu istiqamətdə müzakirələr davam edir."

Bu barədə çərşənbə axşamı Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar məlumat verib.

Akar Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan bir müddət sonra Türkiyə və Rusiyanın atəşkəs rejimini izləmək üçün моnitorinq mərkəzinin yaradılması barədə protokolu təsdiqlədiklərini xatırladıb.

“Bütün bu sənədlər gələcək addımların atılması lazım olan çərçivəni və bazanı təşkil edir. Bu yaxınlarda Rusiyadan Ankaraya bir hərbi heyət gəldi. Bu mövzuda səylər davam edir,” nazir qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG