Accessibility links

Rusiya Prezidenti Türkiyə Prezidenti və Ermənistan Baş naziri ilə bölgədəki durumu müzakirə edib


İyunun 24 Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidməti bildirir ki, tərəflər müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə edib.

İki lider arasında telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirildiyi və Atəşkəsə və Hərbi Əməliyyatlara Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işinə müsbət qiymət verildiyi bildirilib.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarındakı razılaşmaların tam həyata keçirmək səylərini dəstəkləyib.

“Tərəflər iqtisadi inkişaf və bölgənin nəqliyyat infrastrukturunun bərpası üçün tədbirləri davam etməyə hazır olduqlarını təsdiqləyib" - deyə məlumatda bildirilir.

Rusiya Prezidenti Vladimir Putinin iyunun 24-də Ermənistanın Baş naziri Paşinyanla da telefon danışığı apardığı bildirilir. Verilən məlumata əsasən, Putin Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və ona yeni hökuməti qurmaqda uğurlar arzulayıb.

"Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi bölgədə sabitliyin təmin edilməsinə yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirəcək,” məlumatda deyilir.

Bölgədəki nəqliyyat kommukasiyalarının bərpası zərurəti bir gün əvvəl, iyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi zamanı da müzakirə edilib.

Rusiya mediasının verdiyi məlumata əsasən, iki lider arasında telefon söhbəti zamanı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bununla yanaşı, son aylarda Azərbaycan-Ermənistan sərhədində delimitasiya ilə bağlı hərbçilər arasında insidentlər qeydə alınıb.

Ekspertlər Ermənistanda iyunun 20-də keçirilən parlament seçkilərində bu ölkənin Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan qalib gəldikdən sonra danışıqlarda irəliləyişlərin olacağını qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG