Rusiya hökuməti çərşənbə günü Qərbin müxalifət lideri Aleksey Navalnıya qarşı hökmün və kütləvi mitinqlər zamanı yüzlərlə etirazçının həbsi ilə bağlı tənqidlərini rədd edib.
Xaricdə və ölkə daxilində ictimai qınağa baxmayaraq, Rusiya məhkəməsi çərşənbə axşamı Kremlin sərt tənqidçilərindən biri olan Navalnını üç il yarım həbs cəzasına məhkum edib.
Qərb ölkələri Moskvadan Navalnının azad edilməsini tələb etsələr də, Rusiya onlara ölkənin daxili işlərinə qarışmamalarını bildirib. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskvada jurnalistlərə verdiyi açıqlamada Qərbin tələblərinin “təkəbbürlü və yersiz” olduğunu, Kremlin Qərbin “isterikası”na məhəl qoymayacağını deyib.
Navalnıya qarşı çıxarılan hökm Moskvada və Sankt-Peterburqda son iki həftəsonu böyük nümayişlərdən sonra yeni etirazlara səbəb olub və nəticədə 1400-dən çox etirazçı həbs edilib.
Nümayişləri dağıtmağa çalışan Rusiya polisi dinc nümayişçiləri döyüb və bəzilərinə qarşı elektro-şokdan istifadə edib.
Lavrov Rusiya polisinin etirazçılara münasibətini müdafiə edib və bunun Qərb ölkələrindəki bəzi polis əməkdaşlarının nümayişçilərə qarşı hərəkətlərindən daha yüngül olduğunu deyib.
Müxalifət liderinin məhkəmənin əvvəlki qərarına əsasən 10 ay ev dustaqlığında olduğu nəzərə alınarsa, Navalnı bundan sonra 2 il 8 ayı Rusiya cəzaçəkmə müəssisəsində keçirəcək.
Məhkəmə Navalnının ölümcül zəhərlənməsindən sonra müalicə üçün Berlinə aparıldığı zaman həbsxana rəhbərliyini olduğu yer barədə xəbərdar etmədiyi və 2014-cü ildə şərti cəzanın şərtlərini pozduğu haqda qərar verib. Navalnı Almaniyadan Moskvaya qayıtdıqdan dərhal sonra həbs olunub.