Accessibility links

Rusiyanın Hərbi Dəniz Qüvvələri Qara dənizdə təlimlər keçirib


Bölgədə ABŞ-a məxsus iki hərbi gəminin mövcudluğuna etiraz edən Moskva çərşənbə axşamı Qara Dəniz Hərbi Qüvvələrinin düşmən hədəflərini məhv edən təlimlər keçirib.

Prezident Vladimir Putin bazar ertəsi Rusiya qüvvələrinin USS Mount Whitney donanma gəmisinin “durbin və ya müdafiə sistemləri vasitəsilə” müşahidə edə bilindiyini deyib və NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinə görə narazılığını ifadə edib.

İnterfaks xəbər agentliyi çərşənbə axşamı Qara Dəniz Donanması gəmilərinin düşmən hədəflərini məhv etmək üçün təlimlər keçirdiyini və Novorossiysk və ilhaq edilmiş Krımdakı bazalarındakı hava hücumundan müdafiə sistemlərinin hazırlıq vəziyyətinə gətirildiyini bildirib.

“Onlar zenit-raket sistemləri və artilleriya ilə düşmənin havadakı saxta hədəflərini məhv edib” - deyə, məlumatda bildirilib.

Rusiya daha əvvəl Qərb ölkələrinə hərbi gəmilərini Qara dənizə göndərmək və 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasının sahillərinə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Rusiya Krımı öz ərazisinin bir hissəsi hesab etsə də, yarımada beynəlxalq səviyyədə Ukraynanın bir hissəsi kimi tanınır.

ABŞ Hərbi Dəniz Qüvvələri bazar ertəsi USS Mount Whitney gəmisinin İstanbula Qara dənizdəki digər gəmilərə qoşulmaq üçün gəldiyini bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında "Mount Whitney ABŞ və NATO qüvvələri arasında dənizdəki əməkdaşlığı daha da gücləndirmək üçün Qara dənizdəki USS Porter (DDG 78) gəmisinə qoşulacaq" - deyilib.

Moskvanın öz ərazisində istədiyi yerə qoşun göndərə biləcəyini deməsinə baxmayaraq, Kreml çərşənbə axşamı ABŞ mediasının Rusiyanın hərbi birləşmələrini Ukrayna yaxınlığında cəmləşdirdiyi ilə bağlı xəbərini "aşağı səviyyəli və saxta" adlandırıb.

NATO rəsmisi "NATO sayıqdır və müntəzəm olaraq Rusiya qüvvələrinin hərəkətini izləyir. Şəffaflığı təmin etmək və hər hansı yanlış hesablamalara yol verməmək vacibdir" deyib.

Rusiya dəfələrlə NATO-nu öz sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətlər göstərməkdə ittiham edib. Alyans isə Moskvanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqindəki üsyançıları dəstəkləməsindən sonra Rusiyaya yaxın üzv ölkələrin təhlükəsizliyini gücləndirməkdə qərarlı olduğunu bildirir.

XS
SM
MD
LG