Accessibility links

Rusiya Qara Dənizdə keçirdiyi hərbi təlimlərin videosunu yayımlayıb


Rusiya Müdafiə Nazirliyi cümə günü hərbi gəmilərinin Qara dənizdəki təlimləri zamanı raketlə atəş etməsini göstərən video yayımlayıb.

Təlimlər bu həftənin əvvəlində Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvəsinin artırılması ilə əlaqədar Qərblə yaşanan gərginliyin artması fonunda aparılıb.

Rusiya qoşunların gücləndirilməsinin NATO-nun təhdid edici davranışlarına cavab olaraq planlaşdırılan hərbi təlimlərin bir hissəsi olduğunu deyir. Lakin bununla birlikdə Rusiya keçən həftə sərhəd bölgəsindəki bəzi qoşunların geri çəkildiyini bildirib.

ABŞ Sahil Mühafizə xidmətinə məxsus Hamilton gəmisinin ərazidə NATO və digər müttəfiqlərlə işləmək üçün Qara Dənizə daxil olmasından sonra Rusiya çərşənbə axşamı bu təlimləri həyata keçirib.

Rusiyanın İnterfaks xəbər agentliyi Rusiyanın Qara dənizdəki donanmasının Moskva kreyserinin digər Rusiya gəmiləri və hərbi helikopterləri ilə canlı atış təlimlərinə qatılacağını bildirir.

Hərbi təlimlər Ukraynanın şərqində Rusiya ilə münaqişənin yaşandığı ərazilərə yaxın yerdə baş tutub.

Münaqişə 2014-cü ildə Rusiyanın Ukraynaya məxsus Krım yarımadasını işğal etməsindən sonra başlayıb. Ukrayna höküməti bu günə qədər münaqişə nəticəsində 14,000 insanın öldüyünü xəbər verir.

Şərhlərə bax

XS
SM
MD
LG