Suriyada vətəndaş müharibəsinin gedişinə təsir göstərən üç qüdrətli dövlət olan İran, Rusiya və Türkiyə quruda rəqib hərbi kampaniyalara cəlb olunmalarına baxmayaraq döyüşlərə son qoyulması yollarını müzakirə edəcək.
Üç ölkənin lideri Ankarada keçirilən görüşdə Suriyanın yeni konstitusiyasını və ölkə boyu “təhlükəsizlik zonaları”nda təhlükəsizliyin gücləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq.
Suriya sammitində prezident Bəşar Əsədin iki ən güclü müttəfiqi olan İran və Rusiya ilə onun ən ciddi opponentlərindən biri olan Türkiyə bir araya gəlir.
Rəqib düşərgələr arasında əməkdaşlıq Suriyada yeddi ildir davam edən münaqişəyə son qoyula biləcəyi ilə bağlı ümidləri artırır. Münaqişə nəticəsidə 500 mindən çox insan həyatını itirib, Suriya əhalisinin demək olar yarısı məcuri köçkün vəziyyətinə düşüb.
Üç ölkə arasında strateji fikir ayrılıqlarının mövcud olduğu, eyni zamanda, Qərbin qəti müdaxiləsinin olmadığı bir şəraitdə Suriyanın gələcəyi faktiki olaraq onların əlindədir.
Suriya ordusu və İranın dəstəklədiyi hərbi dəstələr, Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə Dəməşq yaxınlığında Şərqi Qutada üsyançıları məğlub edib. Quta müzakirə edilən dörd “təhlükəsizlik zonası”ndan biridir.
Qutada hücumu kəskin tənqid edən Türkiyə isə kürdlərin YPG birləşmələrini Suriyanın Afrin bölgəsindən çıxarmaq üçün hərbi əməliyyatlar keçirir. Ankaranın Tel Rifaat şəhərini ələ keçirmək və şərqə doğru hərəkət etmək haqda hədələri İran tərəfindən qəzəblə qarşılanır.
İran münaqişə böyu Əsədin ən mühüm tərəfdarlarından biri olub. İranın dəstəklədiyi hərbi birləşmələr Əsəd hökumətinin ordusuna üsyançılara qarşı döyüşlərdə üstünlük əldə etmək imkanı qazandırıb. Rusiyanın 2015-ci ildə müharibəyə müdaxiləsi nəticəsində isə hadisələrin inkişafı Əsədin xeyrinə dəyişmyə başlayıb.
Regional diplomatların bəzilərinin bildirdiyinə görə, İran Əsədin hakimiyyətdə qalmalı olduğunda israr etməyə davam etsə də, Rusiya onun hakimiyyətdə saxlanması məsələsinə daha az sadiqdir. Türkiyə Əsədin legitimliyini itirdiyini bildirir, lakin bununla belə onun dərhal hakimiyyətdən getməsi haqda uzun zamandır irəli sürdüyü tələbi dilə gətirmir.