Bu gün Rusiya, Türkiyə və İran prezidentləri Suriyanın üsyançıların nəzarətində olan sonuncu bölgəsi İdlib vilayətində mümkün döyüşlərin qarşısını almağın yollarını müzakirə edib. Görüş Tehranda baş tutub.
Türkiyə prezidenti Rusiya və İrana xəbərdarlıq edib ki, Suriya hökumət qüvvələri və müttəfiqlərinin İdlib vilayətinə hücumu qırğınla sonunclanar.
Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İran prezidenti Həsən Ruhani və rusiyalı həmkarı Vladimir Putinlə birlikdə Tehranda keçirilən sammitdə danışıb.
Ruhaninin fikrincə, Suriyada döyüş bütün ekstremistlərin “kökü kəsilənədək” davam etməlidir, amma döyüşlərin dinc sakinlərə ziyanı dəyməməlidir.
Bu sammitdən bir neçə saat öncə İdlibin bəzi hissələrinin vurulması xəbərləri yayılıb. Məlumatı Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı açıqlayıb.
Putin Tehrana xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, xarici siyasət üzrə köməkçisi Yuri Uşakovla birlikdə gedib. Sammitdən öncə Ərdoğanla o, ayrıca görüşüb.
İranın Suriya üzrə aparıcı diplomatının İran mediasına dediyinə görə, İdliblə bağlı dilemma var, çünki həm “terrorçular”dan təmizlənməlidir, həm də milyonlarla dinc sakinin təhlükəsizliyi təmin olunmalıdır.
Suriyanın yaxın müttəfiqləri Rusiya və İran Əsəd rejiminə, İdliblə sərhəddə yerləşən Türkiyə üsyançılara tərəfdir.
Türkiyə Suriyaya hücum başlasa mümkün qaçqın böhranından narahatdır.
BMT-nin Təhlükəsizlik Şurası Nyu-Yorkda İdlibdə dinc əhaliyə qarşı mümkün hərbi hücümların qarşısını almaq üçün fövqəladə toplantı keçirəcək.
ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli bildirib ki, Əsəd rejiminin İdlibə mümkün hücumu kimyəvi silah istifadə olunmasa belə, düşünülməmiş bir addım olacaq. Bunun baş verməməsi Rusiyadan asılıdır və onlar şənbə günü İdlibdə baş verə biləcək nəticələri müzakirə edəcəklər.
Eyni zamanda, Rusiya Federasiyası yenicə Suriya sahillərində dəniz qüvvələrini yerləşdirib. Bu, Rusiyanın Əsəd rejiminin daha çox xaos və ölümlərə yol açmasına dəstəyindən xəbər verir.
Bu həftənin bazar ertəsi ABŞ prezidenti Donlad Tramp tvit edərək, “ruslar və iranlılar bu potensial insan faciəsində iştirak etməklə ağır humanitar səhv edərdilər. Yüzlərlə və minlərlə insan öldürülə bilər. Buna imkan verməyin!” yazıb.
Dəməşqdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə Suriya prezidenti Bəşər-Əl-Əsəd arasın keçirilmiş görüş zamanı İran Suriyanı İdlib məsələsində tam dəstəklədiyini bildirib.
Suriya hərbçiləri, müşahidəçilərin bildirdiyin görə, qaçılmaz hücum üçün İdlib vilayətinin sərhədinə toplaşmaqda davam edir.
Suriya hərbçiləri İdlib üsyançılarını təslim olmağa çağırır.