Rusiyanın Müdafiə Naziriyi Suriya hökumət qüvvələri tərəfindən Rusiya təyyarəsinin vurulmasında bazar günü yenidən İsraili günahlandırıb və bildirib ki, İsrail Moskvanın Suriyada İranın dəstəklədiyi döyüşçüləri cilovlamaq səylərinə görə belə görünür “naşükürlük” göstərir.
Suriya hökumət qüvvələri Rusiyaya məxsus kəşfiyyat təyyarəsini səhvən İsrail təyyarəsi bilərək onu bazar ertəsi günü vurmuşdu. Hadisə nəticəsində təyyarədə olan 15 nəfər həlak olub.
Rusiya hərbi qüvvələrinin hadisəyə görə İsraili günahlandırmasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Rusiyaya məxsus hərbi təyyarənin Suriya tərəfindən vurulmasını “faciəli təsadüflər zənciri” adlandırıb.
Müdafiə Nazirliyi bazar günü İl-20 təyyarəsinin vurulması ilə əlaqədar son nəticələri açıqlayaraq, hadisəyə görə məsuliyyəti bütünlüklə İsrailin üzərinə atıb.
“Biz inanırıq ki, İsrailin Hərbi Hava Qvvələri və bu kimi əməliyyatlar haqda qərar verənlər Rusiyanın İl-20 təyyarəsi ilə əlaqədar baş vermiş faciəyə görə tam məsuliyyət daşıyır”-deyə, general-mayor İqor Konaşenkov bəyanatında bildirib.
İsrail və Rusiya arasında illərlə hava qüvvələrinin təyyarələrinin Suriya üzərində toqquşmasının qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt” yaradılmışdı. İsrail hərbi qüvvələrinin rəsmiləri effektivliyinə görə bundan öncə “qaynar xətt”lə əlaqədar razılıqlarını bildiriblər.
Rusiya 2015-ci ildən Suriya prezidenti Bəşar Əsəd qüvvələrinə havadan yardım göstərir. İsrail isə Suriyada İranın dəstəklədiyi qüvvələrə qarşı əməliyyatlar keçirir.