“Rusiyanın “Ural Airlines” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.” Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı ştat rejimində fəaliyyətini davam etdirir.
DTX bildirir ki, təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək.
Martın 11-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş icra edən Rusiyanın “Ural Airlines” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarə Bakı Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Buna 222 sərnişinin və ekipaj üzvünün olduğu təyyarənin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edilməsi səbəb olub.