Accessibility links

Troll fabriki: Kremlin təbliğat maşını saxta xəbərləri necə yayır


Sankt Peterburqda Savuşkina küçəsindəki İnternet Araşdırma Agentliyinin binası
Sankt Peterburqda Savuşkina küçəsindəki İnternet Araşdırma Agentliyinin binası

Jurnalistika fakültəsini bitirmiş 23 yaşlı Vitali Bespalov iş müsahibəsi üçün Sankt Peterburqdakı dörd mərtəbəli biznes mərkəzinə gələndə onu nə gözlədiyini bilmirdi.

Savuşkin 55 nömrəli binada hər şey qəribə idi. Bina güclü mühafizə edilirdi, pəncərələrin şüşələri tündləşdirilmişdi. Kamuflyaj geyimdə olan mühafizəçilər binaya daxil olmaq üçün onun pasportunu tələb edib, ev ünvanını soruşdular. Yoxlamadan keçən zaman Bespalov bir qadının qəzəblə içəri daxil olduğunun şahidi oldu.

Jurnalist Vitali Bespalov
Jurnalist Vitali Bespalov

“O qışqıraraq, nəyi isə etməkdən imtina etdiyini deyirdi. Bu yerdə hər şey qəribə görünürdü”, Bespalov xatırlayır.

Biz Krımın “ilhaqı” yerinə “yenidən birləşdirilməsi” ifadəsini işlətməli idik, ya da Ukraynanın şərqində separatçılar haqqında müsbət tonda yazdığımız halda, Kiyev hökumətini “faşist xunta” adlandırmalı idik.
Vitali Bespalov

Hadisə 2014-cü ildə baş vermişdi. Bespalov sonradan buranın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə ilə əlaqədar olaraq xüsusi prokuror Robert Müllerin ittihamnamə irəli sürdüyü İnternet Araşdırma Agentliyi olduğunu öyrənmişdi.

Lakin o vaxt mərkəzdə ölkə daxilində keçirilən başqa seçkidən sonrakı narahatlıq var idi.

2011-ci ilin dekabr ayında on minlərlə Rusiya vətənşdaşı küçələrə çıxıb, sosial mediada Kremli parlament seçkilərində kütləvi pozuntulara yol verməkdə günahlandırırdı. Ruslar topa bülletenlərin qutulara atılması halları ilə bağlı video görüntüləri bölüşüb, başqalarını da mitinqlərə qatılmağa çağırdıqları zaman dövlət mediası susurdu.

Moskvada nümayişçilər parlament seçkilərinə etiraz olaraq yürüş keçirir, Moskva, 10 dekabr, 2011.
Moskvada nümayişçilər parlament seçkilərinə etiraz olaraq yürüş keçirir, Moskva, 10 dekabr, 2011.

“Kreml qərara gəldi ki, onların onlayn və dövlət televiziyasında eyni şeyi göstərməsi lazımdır”, Bespalov Amerikanın Səsinə müsahibədə troll fabrikində işi haqda danışaraq bildirib.

O, jurnalist olmaq arzusu ilə xəbər veb saytında işləmək üçün doğma Sibirdən Sankt-Peterburqa köçmüşdü. Lakin işə düzələ bilməmişdi.

Sank-Peterburqa yeni gələn gənc jurnalist kimi o, sənədlərini müxtəlif yerlərə göndərsə də, heç bir yerdən müsbət cavab ala bilməmişdi.

Lakin günlərin birində nəhayət ona zəng edib iş müsahibəsinə çağırmışdılar. Ən yaxşı xəbər isə ondan ibarət idi ki, adi yazı-pozu üçün ikiqat maaş vəd edilirdi.

“Mənim heç nədən xəbərim yox idi. Onlar mənə zəng edib, sabahkı gün Savuşkina 55 ünvanında olmağımı istədilər. Mən nə iş haqqında, nə də şirkət haqqında heç bir şey bilmirdim. Özümə də dedim ki, niyə də yox?”

Əsas məqsəd rusların Ukraynada müharibə ilə bağlı və özümüz haqda şübhələrini dağıtmaqdan ibarətdir, çünki bizim iqtisadiyyatımız zəifdir, bizdə siyasi azadlıqlar yoxdur.
Vitali Bespalov

Bespalovla iş müsahibəsini aparan qadının adı Anna idi. O, yazılı test zamanı özünün yazdığı nümunələri göstərməli idi. Bunlar Rusiyada müxalifətə, LGBT hüquqlarına və feminist sənətçilərdən ibarət Pussy Riot qrupuna dəstək məzmunlu yazılar idi.

“Mənim yazdıqlarımdan siyasi baxışlarım tam aydın idi. Mən hələ də onların məni nəyə görə işə götürdüklərini başa düşmürəm. Amma Anna baxıb gülümsəyərək dedi ki, “biz burada belə məqalələr yazmırıq, amma siz yazmağı bacarırsınız”, Bespalov bildirir.

Troll fabrikində

İşdə ilk gün Bespalova Ukraynanın şərqindəki hadisələri işıqlandırmaq tapşırıldı və deyildi ki, o başqa veb saytlardan Ukraynaya dair saxta xəbər saytları üçün məqalələr yazmalıdır. Tapşırıq isə bundan ibarət idi: mətni elə dəyişdirmək lazımdır ki, o, orijinal görünsün və ona Rusiya meylli ton verilsin.

“Biz Krımın “ilhaqı” yerinə “yenidən birləşdirilməsi” ifadəsini işlətməli idik, ya da Ukraynanın şərqində separatçılar haqqında müsbət tonda yazdığımız halda, Kiyev hökumətini “faşist xunta” adlandırmalı idik”, Bespalov deyir.

O artıq tam əminliklə bilirdi ki, təbliğat maşınının mərkəzindədir.

Bespalov dilemma qarşısında olduğunu deyir: “Mən ya jurnalist adını ləkələməmək üçün dərhal oranı tərk etməli idim. Amma mən fikirləşdim ki, burada qalıb, daha çox məlumat əldə etdikdən sonra bunları harada isə açıqlaya bilərəm.”

Beləliklə o, gizli fəaliyyətə başladı.

Rusiyada Apple kimi şirkət, ya da innovativ fəza proqramı yaradıla bilməz. Amma biz onu edə bilərik ki, böyük bir ölkə haqda bir imic yaradaq.
Vitali Bespalov

O, Savuşkina 55 ünvanında iş gününün kədərli mənzərəsini təsvir edir. İnsanlar orada həftənin yeddi gününü 8 saatla 12 saat arasında işləyir. Onların işini daim nəzarət altındadır, hər yerdə müşahidə kameraları yerləşdirlib. İşçilər arasında söhbət etmək xoş qarşılanmır.

Siqaret çəkmək üçün qısa fasilələr zamanı Bespalov belə bir nəticəyə gəlmişdi ki, trolların çoxu gördükləri işə görə ya narahat deyil, ya da işin mahiyyətindən xəbərləri yoxdur.

Onun sözlərinə görə, onların çoxu burada pul üçün işləyirdi.

O, əməliyyatların strukturlaşdırılmış şəkildə aparıldığını deyir. Məsələn, saxta xəbərlər bölməsi bir mərtəbədə, bloggerlər və sosial media şərhçiləri siə başqa mərtəbədə yerləşirdi. Burada ayrıca qrafika bölməsi də var idi və onların yaratdığı saysız şəkillərdən hamı istifadə edirdi.

Jurnalist Vitali Bespalov üzərində `Sobçak` yazılmış köynək geyib və qoluna döymə işarəsi vuraraq, Rusiyada prezident seçkilərində namizəd olmuş Kseniya Sobçaka dəstəyini bildirir, Sank Peterburq, dekabr, 2017.
Jurnalist Vitali Bespalov üzərində `Sobçak` yazılmış köynək geyib və qoluna döymə işarəsi vuraraq, Rusiyada prezident seçkilərində namizəd olmuş Kseniya Sobçaka dəstəyini bildirir, Sank Peterburq, dekabr, 2017.

Bespalovun gəldiyi nəticə odur ki, bütün bunlar onun “yalan dairəsi” adlandırdığı bir dövrəni tamamlamaq üçün edilirdi. Bu da trolların onun “Rusiyanı daha qüdrətli edək” kimi xarakterizə etdiyi mərkəzi ideyanı qabartmaq üçün Kremlin dövlət mediasındakı xəbərləri gücləndirməsindən ibarət idi.

“Bu, Rusiya auditoriyası üçün nəzərdə tutulurdu. Hətta saxta Ukrayna saytları da Ukraynanın özündə fikirlərin dəyişdirilməsi üçün nəzərdə tutulmurdu. Əsas məqsəd rusların Ukraynada müharibə ilə bağlı və özümüz haqda şübhələrini dağıtmaqdan ibarət idi, çünki bizim iqtisadiyyatımız zəifdir, bizdə siyasi azadlıqlar yoxdur. Və ona görə ki, Rusiyada Apple kimi şirkət, ya da innovativ fəza proqramı yaradıla bilməz. Amma biz onu edə bilərik ki, böyük bir ölkə haqda bir imic yaradaq. Ölkəni daha yaxşı etmək deyil, onun belə olduğu haqda təsəvvür yaratmaq”, Bespalov Amerikanın Səsinə bildirib.

Çıxış strategiyası

Bespalov İnternet Araşdırma Agentliyində üç il yarım işlədikdən sonra oranı tərk edib və təhlükəsizliyindən ehtiyat edərək, araşdırmasını anonim olaraq dərc edib. Onun sözlərinə görə, agentlikdəki başqa işçilərin onun məqalə müəllifi olduğundan şübhələnməsindən sonra o, hədələrlə qaşılaşıb.

Lakin tədricən hədələr azalmağa başlayıb, belə ki, başqalarının da orada gizli çalışdığı məlum olub. Eyni zamanda, başqa media vasitələri də araşdırmalar aparıb.

Beləliklə, Birləşmiş Ştatlarda 2016-cı ildə keçirilən prezident seçkilərində rol oynamasa idi troll fabriki köhnə xəbər ola bilərdi.

Jurnalistin sözlərinə görə, o həmin əməliyyatla bağlı az məlumata malikdir, amma əlavə edir ki, agentlik onun getdiyi vaxtlarda ingilis dilində işlə bağlı yerlər təklif etməyə başlamışdı.

“Biz görürük ki, troll fabrikası haqda yazı yazan jurnalistlərin hamısı orada 2014-cü, ya da 2015-ci ildə işləyib. Bu da ondan xəbər verir ki, sistem daha ehtiyatlı işləməyə başlayıb. Mənim kimi adamlar artıq orada işə götürülə bilməzdi."

Bespalovun agentliyin işi haqda danışmaq istəyinə görə, o, Qərb mediası üçün seçki ilə bağlı qalmaqalın araşdırılmasında əsas mənbələrdən birinə, Rusiya dövlət mediasının isə hədəfinə çevrildi.

Bu yaxınlarda NBC xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın dövlət mediasında Bespalov haqda onun iddialarının inkar edildiyi proqram yayımlanıb. Onun özünün sözlərinə görə, okeanın hər iki tayında onun haqda məlumatlar təhrif edilir.

“ABŞ-da məni Vitali Bespalov, keçmiş troll adlandırırlar, jurnalist yox. Rusiyada isə mənə yalançı və xain deyirlər. Dostlarımın çoxu mənə deyir ki, daha bəsdir. Daha müsahibə vermə. Ağlını itirmisən? İstəyirsən səni öldürsünlər? Öz hekayəni danışmısan, daha çox adamla danışmaqla heç bir şey dəyişməyəcək.”

XS
SM
MD
LG