Rusiya Prezidenti Vladimir Putin son iki ilə yaxın bir müddətdə iki ölkə lideri arasında ən əhəmiyyətli görüş kimi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qəbul edib.
Danışıqlar Putinin daxili çevrəsindəki işçilərin koronavirus testləri müsbət çıxdəqdan sonra iki həftə özünü təcrid etməsindən sonra Qara dənizin Soçi kurortunda sentyabrın 29-da baş tutub.
Putin və Ərdoğanın son üz-üzə görüşü Moskvada 18 ay əvvəl keçirmişdi.
Liderlərin bugünkü görüşündə Moskvadakı son görüşdən fərqli olaraq, birgə mətbuat konfransı keçirməmək qərarı verilib. Kremlin sözçüsü Dmitriy Peskov iki lider arasında yalnız tərcüməçilərin iştirakı ilə təkbətək görüşün keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Suriya və Liviyadakı qarşıdurmalara əlavə olaraq, Cənubi Qafqaz və Ukrayna, Rusiya qaz ixracatını genişləndirməsi və ABŞ-ın etirazlarına baxmayaraq, Türkiyənin Rusiyanın S-400 raket sisteminin ikinci partiyasını alması məsələsinin müzakirə edəcəyi gözlənilirdi.
Soçidə təxminən üç saat davam edən danışıqlarda Putin Moskva ilə Ankara arasındakı əlaqələrin "kompromis" tapma qabiliyyətləri sayəsində müsbət inkişaf etdiyini bildirib.
"Danışıqlar bəzən çətin olsa da, son nəticəsi müsbətdir" deyən Ərdoğan "Türkiyə-Rusiya əlaqələrimizi hər gün gücləndirərək davam etdirməyin böyük faydası olduğuna" inandığını deyib.
Tərəflər Ermənistan və Azərbaycan arasında ötən ilin payızında müharibədən sonra Dağlıq Qarabağda durum və Cənubi Qafqazda diplomatiyanı canlandırmaq səylərini də müzakirə ediblər.
Türkiyə ilə Rusiyanın digər ölkələrdə də əməkdaşlıq etdiyini qeyd edən Putin "Türkiyə ilə əməkdaşlığımız beynəlxalq aləmdə uğurla davam edir" deyib. "Burada həm Suriya, həm də Liviya ilə bağlı münasibətimizi nəzərdə tuturam. Qarabağda əməkdaşlığımız həm atəşkəsin əldə edilməsində, həm də gələcəkdə daha güclü davamlı sülhə nail olunmasında mühüm elementdir.
Ermənistan-Azərbaycan sərhədində yerləşən Türkiyə-Rusiya Ortaq Mərkəzi fəaliyyətini fəal şəkildə davam etdirir. Bu əməkdaşlıq sabitliyin davam etdirilməsi və sülh istiqamətində atılacaq addımlarla bağlı tərəflərin mövqelərinin əlaqələndirilməsinin ciddi bir təminatıdır" - deyə, Rusiya lideri bildirib.
Türkiyə Azərbaycan hərbi qüvvələrinin təxminən otuz ildir Ermənistanın nəzarətində olan Dağlıq Qarabağın bir hissəsi və ətraf rayonları geri alması ilə nəticələnən hərbi əməliyyatlarında Bakını dəstəkləyib. Moskvanın Ermənistanla müdafiə paktı var, eyni zamanda Azərbaycanla da sıx münasibətləri mövcuddur.
Müharibə 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə atəşkəsə dair razılığın imzalanması ilə başa çatıb və atəşkəsə nəzarət etmək üçün Azərbaycanda Rusiya-Türkiyə birgə hərbi müşahidə mərkəzi yaradılıb.