Accessibility links

Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub


ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə həyata keçirilən görüşü başlayıb. Ağ Evdən verilən məlumata görə, iki lider arasındakı görüş Vaşinqton vaxtı ilə səhər saat 10:07-də başlayıb.

Rusiyanın RİA xəbər agentliyinin məlumatına görə, iki saat bir dəqiqə davam edən görüşün əsas mövzusu Ukrayna olub.

Ağ Evdən verilən açıqlamada bildirirlir ki, görüş zamanı ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə deyib ki, "Birləşmiş Ştatlar Moskvanın Ukrayna yaxınlığında qoşun toplamasından “dərin narahatdır”. Bayden söz verib ki, Vaşinqton və onun müttəfiqləri “hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcək”.

Açılamada bildirilir ki, "Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıb və gərginliyin azaldılmasına və diplomatiyaya qayıtmağa çağırıb".

Kreml danışıqlarla bağlı dərhal şərh verməyib.

Rusiya Dövlət Televiziyası görüşün əvvəlində hər iki liderin dostcasına salamlaşdığını bildirir. Məlumata görə, ABŞ Prezidenti Bayden Rusiya Prezidenti Putinə növbəti görüşdə üz-üzə görüşməyə ümid etdiyini bildirib.

Baydenin vəziyyətin gərginliyini azaltmaq üçün Putinə bir sıra diplomatik müraciətlər edəcəyi gözlənilir. O, Rusiyanın qonşusuna hücum edəcəyi təqdirdə ehtimal olunan sanksiyalara dair aydın xəbərdarlıq etməsi gözləntilər arasında idi.

Görüşdən əvvəl Ağ Evin mətbuat katibi Cen Psaki bazar ertəsi deyib ki, Rusiyanın Ukraynanı işğal etdiyi təqdirdə "Biz müttəfiqlərimizlə əhəmiyyətli dərəcədə məsləhətləşmişik və Rusiya iqtisadiyyatına ciddi və ağır ziyan vuracaq bir yolumuz olduğuna inanırıq".

"Bunu təhdid adlandıra bilərsiniz" deyən Psaki bildirib ki,“Bunu fakt adlandıra bilərsiniz. Buna hazırlıq deyə bilərsiniz. Nə istəsən, onu da adlandıra bilərsən”.

Administrasiya rəsmiləri deyir ki, Moskva Ukrayna hökumətinə qarşı olduqca böyük kiber dezinformasiya kampaniyasına başlayıb ki, bu da Rusiyanın 2014-cü ildə Krımı işğalı və ilhaqını bir daha yada salır.

Digər tərəfdən ABŞ kəşfiyyatının keçən həftə yayımladığı sənəddə əsasən Putin çoxtərəfli işğalın bir hissəsi kimi yanvar ayında Ukrayna ilə sərhəd boyunca ən azı 175 000 əsgər yerləşdirməyi planlaşdırır.

Danışıqlardan əvvəl Kiyev iddi edir ki, Rusiya “cavab atəşinə hazır olmaq” üçün müharibənin baş verdiyi şərqi Ukraynaya tanklar və snayperlər göndərir.

Görüş zamanı Putinin Ukraynanı heç vaxt NATO-ya üzv olmasına icazə verilməməsi ilə bağlı tələb irəli sürəcəyi bildirilsə də, bu tələbin Bayden tərəfinən rədd ediləcəyi gözlənilirdi.

Rusiaynın Ukraynaya hərbi müdaxiləsi təqdirində Bayden Rusiyanı beynəlxalq maliyyə ödənişləri sistemi olan SWIFT-dən kəsməklə hədələməsi də gözləntilər arasındadır.

ABŞ-ın hazırda Ukraynaya geniş hərbi dəstək verməsinə baxmayaraq, administrasiya rəsmiləri Rusiyanın işğala başlayacağı halda Birləşmiş Ştatların Ukraynaya qoşun yerləşdirməyəcəyini deyir.

Bu ilin sentyabrında Bayden Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edib və onu əmin edib ki, “Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətlə sadiqdir”.

Bazar ertəsi Ukrayna prezidenti Şərqi Donetsk bölgəsindəki qoşunlara baş çəkib və onun qüvvələrinin Rusiyanın hücumunu dəf etməyə qadir olduğunu bildirib.

XS
SM
MD
LG