Accessibility links

Dünya ölkələri Rusiyanın Ukraynanın separatçı bölgələrini müstəqil dövlətlər kimi tanımasına reaksiya verir


Dünya ölkələri Rusiyanın Ukraynanın şərqindəki separatçı bölgələri müstəqil dövlətlər kimi tanımasına reaksiya verməkdədir. Bir çoxları bu addımı pisləyib və böhranın diplomatik yolla həllinə çağırıb.

“Biz açıq şəkildə bildirməliyik ki, Ukraynaya hücum BMT-nin hər bir üzv dövlətinin suverenliyinə və BMT nizamnaməsinə hücumdur ki, bu tez və ağır nəticələrlə qarşılanacaq. Biz diplomatiya masasının məsuliyyətli dövlətlərin fikir ayrılıqlarını həll etdiyi yeganə yer olduğuna inanmağa davam edirik," ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrifield bazar ertəsi gecə bildirib.

BMT-nin Baş Katibi Antonio Quterreşin sözçüsü qurumun liderinin Rusiyanın qərarını BMT-nin prinsiplərinə və nizamnaməsinə zidd olduğunu və Ukraynanın suverenliyinin pozulması hesab etdiyini deyib.

Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə axşamı səhər saatlarında Rusiyanın addımının “Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə pozduğunu” deyən bəyanat yayıb.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Parisdə Rusiyanın bu addımını pisləyib və bunun sanksiyalarla qarşılanacağını bildirib.

Avropa İttifaqı Xarici Siyasət İdarəsinin rəhbəri Cosep Borrell
Avropa İttifaqı Xarici Siyasət İdarəsinin rəhbəri Cosep Borrell

Avropa İttifaqı Xarici Siyasət İdarəsinin rəhbəri Cosep Borrell deyib ki, Aİ bütün sanksiyaları hazırda deyil, Rusiya prezidenti Vladimir Putinin açıqlamalarına cavab olaraq həyata keçirəcək.

Britaniyanın Baş Naziri Boris Conson Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı “çox güclü sanksiyalar paketi” tətbiq edəcəyinə söz verib və Putinin hərəkətlərini Ukraynanın suverenliyinin “kobud şəkildə pozulması” adlandırıb.

Çinin BMT-dəki səfiri Çan Tsun bütün tərəfləri təmkinli olmağa və “ağıllı həll yolları axtarmağa” çağırıb.

İranın Xarici İşlər Nazirliyi regionda vəziyyəti çətinləşdirdiyinə görə “NATO və əsasən də ABŞ-ı müdaxilə və təxribatçı hərəkətlərdə” günahlandırmaqla yanaşı, təmkinli olmağa çağırıb.

NATO-nun Baş Katibi Yens Stoltenberq bildirib ki, Rusiya “separatçılara maliyyə və hərbi dəstək verməklə Ukraynanın şərqindəki münaqişəni qızışdırmağa davam edir” və “Ukraynaya yenidən müdaxilə etmək üçün bəhanə yaratmağa çalışır”.

NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

Yaponiyanın Baş Naziri Fumio Kişida Rusiyanın hərəkətlərini “qəbuledilməz” adlandırıb və Yaponiyanın “baş verənləri ciddi narahatlıqla izlədiyini” deyib.

Münaqişə zamanı Rusiyanın hərbi dəstəyinə arxalanan müttəfiqi Suriyanın dövlət televiziyası xarici işlər naziri Faysal Mekdaddan sitat gətirərək, Suriyanın Rusiyanın qərarını dəstəklədiyini və onlarla əməkdaşlıq edəcəyini bildirib.

Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın hərəkətinin “beynəlxalq hüququn fundamental prinsiplərinin, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının açıq şəkildə pozulması” olduğunu bəyan edib.

Almaniyanın Xarici İşlər Naziri Annalena Berbok deyib ki, Rusiya “dünya ictimaiyyətinə verdiyi bütün vədləri pozur”.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna sərhədində gərginliyin artması ilə bağlı “ciddi narahatlıq” ifadə edib və “Ukraynanın suverenliyi və ərazisinin qorunmasını” dəstəklədiyini bildirib.

XS
SM
MD
LG