Accessibility links

Kyiv meri Kliçko: Rusiya qoşunları şəhəri blokada yolu ilə boğmağı planlaşdırır


Moskvanın Ukraynanın şəhərlərinə hücumunu davam etdirdiyi bir vaxt Kyiv meri Vitali Kliçko Rusiya qoşunlarının Ukraynanın paytaxtını mühasirəyə alıb, onu blokada yolu ilə boğmağı planlaşdırdığını deyib.

Kliçko martın 2-də “Current Time”a bildirib ki, Ukrayna qoşunları rus qoşunlarının bu cür cəhdlərinin qarşısını almaqda və Kyivdə fəaliyyət göstərən təxribat qruplarını ələ keçirməkdə davam edir.

Boks üzrə keçmiş dünya çempionu Kliçko "Deyə bilərəm ki, rusların paytaxtı mühasirəyə almaq üçün açıq planları var" deyib.

"Hazırda bizim uşaqlar onlara lazımi cavab verir. Hətta Kyivə yaxınlaşan dəstələr belə bir neçə kilometr geriyə atılır. Blokadanı yarmaq üçün əlimizdən gələni edəcəyik" - deyə, o bildirib.

Kliçko Kyivdə vəziyyətin "gərgin, lakin nisbətən sakit" olduğunu, Rusiya qoşunlarının şəhəri intensiv atəşə tutmasına baxmayaraq, Ukrayna paytaxtında rabitə sektorunun normal işlədiyini vurğulayıb. O, martın 1-də ruslar tərəfindən bombardman edilmiş televiziya qülləsinin də yenidən işlədiyini bildirib.

“Şəhərin müdafiəsində çox sayda insan - mülki əhali iştirak edir. Bizim tərəfdaşlarımız var, iradəmiz, sevimli torpağımız var, onlardan əl çəkməyəcəyik” - deyə, Kliçko əlavə edib.

Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin bildirdiyinə görə, Rusiya silahlı qüvvələrinin hava zərbələri nəticəsində Xarkiv Vilayət Daxili İşlər İdarəsi və milli universitetin binaları yanıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya ordusunun Xerson şəhərinin “tam nəzarətini” ələ aldığını iddia edib.

Ukraynanın Fövqəladə Hallar Xidməti Facebook səhifəsində 7 gün davam edən müharibədə hərbçilər nəzərə alınmasa, Ukraynada 2000-dən çox insanın həlak olduğunu bildirib.

Dövlət Xidmətinin məlumatına görə, vəzifələrini yerinə yetirərkən 10 xilasedici həlak olub, 13-ü yaralanıb.

XS
SM
MD
LG