Accessibility links

Rusiya Ukraynadan idxalı qadağan olunan malların siyahısını genişləndirir


Rusiya şənbə günü Ukraynadan idxal olunan malların siyahısını genişləndirib və Kiyevin iqtisadi sanksiyalarına cavab olaraq illik 500 milyon dollar dəyərində, xüsusilə sənaye mallarının idxalını dayandıracağını elan edib.

Bu ilin əvvəlində Kiyevin bir sıra Rusiya şirkəti və biznes fiqurlarına qarşı iqtisadi sanksiyalar tətbiq etməsindən sonra Rusiya prezidenti Vladimir Putin hökümətinə Ukraynaya qarşı tədbirlər siyahısı hazırlamağa dair göstəriş verib.

Ukrayna ilə Rusiya arasında münasibətlər Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsi və bunun nəticəsində şərqi Donbas regionunda Rusiya tərəfdarı qiyamın başlamasından sonra pisləşib.

O zamandan bəri Rusiya Ukraynadan pivə, araq, meyvə şirəsi, divar kağızı və qənnadı məmulatlarının idxalını qadağan edib.

Moskva şənbə günü bildirib ki, qadağan olunan yeni mallar siyahısına bəzi sənaye malları, habelə bəzi kənd təsərrüfatı məhsulları, xammallar və ərzaqlar daxildir.

“Ukrayna vaxtaşırı həm rusiyalı şəxslər və qanuni qurumlar, həm də xüsusi rus mallarına qarşı sanksiyalar tətbiq edir” – deyə, Rusiya hökümətinin bəyanatında bildirilib.

“Rusiyadan müəyyən kənd təsərrüfatı mallarının idxalına qadağa tətbiq edən tədbirlərin təqdim olunmasından bəri Ukraynanın sanksiya siyahısı genişləndirilib və artıq siyahıya 18 cür məhsul daxil edilib”, bəyanatda qeyd olunub.

Rusiyanın İqtisadiyyat Nazirliyi şənbə günü bildirib ki, yenilənmiş qadağa siyahısında Ukrayna mallarının dəyəri 2018-ci ildə 510 milyon dollar təşkil edib.

Ukrayna Rusiyanın Ukraynanın içki və şirniyyatlarının ticarətinə tətbiq etdiyi qadağa ilə bağlı Ümumdünya Ticarət Təşkilatına şikayət edib.

XS
SM
MD
LG