Accessibility links

Rusiya və Türkiyə Suriyada ilk birgə patrul əməliyyatı keçirib


Rusiya və Türkiyə martın 15-də Suriyanın şimal-qərbindəki şərq-qərb şosse yolu boyunca ilk birgə patrul həyata keçirib. Lakin əməliyyat militantların fəaliyyətinə görə yarı yolda dayandırılıb.

İdlib vilayətindəki M4 şosse yolu boyu patrul əməliyyatı martın 5-də Suriya münaqişəsində müxtəlif tərəfləri dəstəkləyən Moskva və Ankara arasında atəşkəsə dair razılığın nəticəsidir. O vaxtdan bəri atəşkəsə əməl edildiyi bildirilir.

Təxminən bir milyon insanın yerlərindən dirdərgin düşməsinə gətirib çıxarmış zorakılığa son qoyan razılığa əsasən, Türkiyə və Rusiya qüvvələri M4 şosse yolunun hər iki tərəfində təhlükəsizlik dəhlizi yaratmalı və bu ərazidə birgə patrul həyata keçirməlidir.

Lakin yüzlərlə mülki şəxs və üsyançı Rusiya qüvvələrinin mövcudluğuna etiraz edərək və razılaşmanın onların zorakılıqlar nəticəsində çıxmalı olduqları yerlərdə yenidən yerləşdirilməsini təminat altına almadığını deyərək, yolun qarşısını kəsib.

Britaniyada qərargahlanan Suriya İnsan Hüquqlarını Müşahidə qrupunun açıqladığı fotolarda insanların küçələrdə od yandırdığı və insan qalxanı yaratdığı göstərilir.

“Biz altı ildir bizi öldürən və bizi havadan bombalayan ruslarla razı deyilik” – deyə, 22 yaşlı Əhməd Şehad bildirib.

Rusiyanın Müdafiə Nazirliyinin açıqladığı bəyanatda birgə patrulun militanların “təxribatı” və mülki şəxslərdən insan qalxanı kimi istifadə etdiyinə görə kəsildiyi bildirilir.

Türkiyə Müdafiə Nazirliyi ilk patrulun havada və quruda vasitələrlə həyata keçirildiyini bildirib. Nazirlik Rusiya və Türkiyənin hərbi maşınlarının yol boyu hərəkət etdiyini və zabitlərin xəritəyə baxaraq müzakirə apardığını göstərən fotoları açıqlayıb.

Müdafiə Nazirliyi daha sonra tərəflərin koordinasiya olunmuş şəkildə "mümkün təxribatların və bölgədəki mülki əhaliyə zərərin qarşısını almaq üçün lazımi tədbirlər görüldüyünü" bildirib. Bundan əlavə məlumat verilməyib.

XS
SM
MD
LG