Accessibility links

Rusiya vurulan Mi-24 helikopteri ilə bağlı Azərbaycandan hüquqi yardım istəyib


Rusiyanın hərbi müstəntiqləri azərbaycanlı həmkarlarından Ermənistan və Azərbaycan sərhədində Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı cinayət işinin araşdırılmasında kömək istəyib. Bu barədə vəziyyətlə tanış olan bir mənbə İnterfaks xəbər agentliyinə bildirib.

"İstintaq zamanı bir sıra təhqiqatların aparılması zərurəti yaranıb, xüsusən də bir sıra şübhəlilərin şəxsiyyətinin müəyyənləşdirilməsi, habelə bu hadisənin bəzi təfərrüatlarının dəqiqləşdirilməsi zərurəti yaranıb. Bununla əlaqədar Azərbaycana beynəlxalq hüquqi yardımla bağlı müraciət göndərilib" - deyə mənbə bildirib.

O qeyd edib ki, yalnız müvafiq materiallar əldə edildikdən sonra rusiyalı hərbi pilotların öldürülməsi ilə bağlı ittihamların irəli sürülməsi məsələsi həll ediləcək.

"Söhbət ekstradisiya edilə bilməyən xarici vətəndaşlardan getdiyindən, Rusiya tərəfi istintaq materiallarını günahkarların məsuliyyətə cəlb edilməsi üçün Bakıya göndərəcək" - deyə, mənbə izah edib.

O hazırda Rusiyanın İstintaq Komitəsinin hərbi müstəntiqlərinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin ömürlük həbs cəzasına qədər cəzanın nəzərdə tutulduğu "iki və ya daha çox şəxsi qəsdən öldürmə" maddəsi ilə cinayət işi başladığını xatırladıb.

"Yaxın gələcəkdə istintaq daha iki ay uzadılacaq" - deyə, mənbə bildirib.

Rusiya Müdafiə Nazirliyi noyabrın 9-da Azərbaycan hərbçilərinin Yerasx kəndi yaxınlığında Ermənistan ərazisi üzərində Rusiya Mi-24 helikopterini vurduğunu bildirmişdi. Hərbçilərin bildirdiyinə görə, helikopter Dağlıq Qarabağda döyüş bölgəsi xaricində portativ zenit raket kompleksindən vurulmuşdu. Qəza nəticəsində iki ekipaj üzvü ölmüş, digəri orta dərəcəli xəsarət almışdı.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfindən üzr istəmişdi və vertolyotu "təsadüfən" vurduqlarını açıqlamışdı. Buna görə təzminat ödəməyə hazır olduqlarını da əlavə etmişdi.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, vertolyot 102-ci Rusiya hərbi bazasının konvoyunu Naxçıvan Muxtar Respublikasının sərhədinə yaxın hava məkanında müşayiət edib.

Cinayət işi əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi ("Uçuş qaydalarını pozma və ya ona hazırlaşma, ehtiyatsızlıqdan ölümlə nəticələnmə") əsasında qaldırılıb, daha sonra daha ağır bir maddəyə - 105-ci maddənin 2-ci hissəsi ("İki və ya daha çox şəxsin qəsdən öldürülməsi") uyğunlaşdırılıb .

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Amerikanın Səsinə bildirib ki, Azərbaycan Baş Prokurorluğuna Rusiya tərəfindən vurulmuş helikopterlə bağlı hər hansı rəsmi sorğu daxil olmayıb.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiya hərbi vertolyotunun vurulmasına dair cinayət işi ilə bağlı RF rəsmi orqanları tərəfindən hər hansı rəsmi sorğu almayıb, buna görə də biz Rusiyanın sorğusu haqqında mətbuatda dərc edilmiş yazılarla bağlı heç bir şey deyə bilmərik," Səlimzadə Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Rusiyanın vurulmuş helikopteri ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda qaldırılmış cinayət işinin istintaqı davam etdirilir.

XS
SM
MD
LG