Accessibility links

Rusiya xarici işlər naziri Azərbaycana səfər edəcək


10-11 may tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya işgüzar səfərə gələcək. Səfər çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin səfərlə bağlı məlumatında deyilir: "Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri üzrə - siyasət, iqtisadiyyat, mədəniyyət sahəsində, humanitar sahədə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirmək niyyətindədir.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Dağlıq Qarabağda vəziyyətin, Dağlıq Qarabağ nizamlanmasının humanitar aspektlərinin, münaqişədən sonra bərpa və dinc həyatın qurulması məsələlərinə nəzər salınması planlaşdırılır. Əsas vəzifələr arasında regionda bütün nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılması da var".

Azərbaycan və Rusiya xarici siyasət idarələrinin rəhbərləri əsas regional və beynəlxalq birliklərin - Müstəqil Dövlətlər Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələlərini müzakirə edəcəklər.

"Regionda qüvvələr balansının qorunub saxlanması zərurəti nəzərə alınmaqla qurulan Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığı əhəmiyyətli xarakter daşıyır".

2019-cu ildə Rusiya Azərbaycana səfər edən turistlərin sayına görə birinci yerə çıxıb (900 min nəfərdən çox) - deyə, məlumatda bildirilir.

Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə, mayın 5-6-da Yerevana səfər edirb. Onun səfəri zamanı danışıqlarda ikitərəfli əlaqələrlə yanaşı, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsi diqqət mərkəzində olub.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb, bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

XS
SM
MD
LG