Accessibility links

Rusiya xarici işlər naziri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək


Aprelin 2-də Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Xarici İşlər Naziri Ceyun Bayramov və Ermənistan Xarici İşlər Naziri Ara Ayvazyanla görüş keçirəcək. Görüş Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində olacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova martın 26-da brifinqdə bildirib.

Nazirlər görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da hərbi əməliyyatların dayandırılması və 2021-ci il yanvarın 11-də regionda kommunikasiyaların bərpası ilə bağlı imzaladıqları bəyanatın həyata keçirilməsini müzakirə edəcəklər.

İndiyədək tərəflər bir-birlərinə qarşı atəşkəsin şərtlərinin pozulmasına dair ittihamlar irəli sürüblər. Rəsmi Yerevan Bakını erməni hərbi əsirləri qaytarmamaqda ittiham edir, Azərbaycan tərəfi isə atəşkəsdən sonra saxlanılan şəxslərin Ermənistandan gələrək Azərbaycan ərazisində cinayət törətdiyini və məsələ ilə bağlı təhqiqat aparıldığını deyir.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Şərhlərə bax

XS
SM
MD
LG