Accessibility links

Rusiyanın xarici işlər naziri Azərbaycanda səfərdədir


Dekabrın 2-də Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla prezident İlham Əliyevin görüşü olub.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, İlham Əliyev həyat yoldaşı, birinci vitse-prezident Mehriban Əliyevanın bir neçə gün öncə Rusiyaya səfəri zamanı yüksək səviyyəli görüşlərini “çox uğurlu” qiymətləndirib.

“Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun “Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə prezident Vladimir Putinə təşəkkürümü çatdırasınız.”

Prezident hesab edir ki, bu il iqtisadi baxımdan uğurlu olub.

“Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik.”

Prezident Əliyev Rusiya xarici işlər naziri ilə Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağını bildirirb.

“Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz,” o qeyd edib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiyanın Azərbaycanla münasibətləri yüksəlişdədir, bütün sahələrdə durmadan inkişaf edir. O Mehriban Əliyevanın Rusiyaya səfərinin yüksək qiymətləndirildiyini və bu səfərin gedişində müzakirə edilən təşəbbüsləri Rusiyanın hökmən həyata keçirəcəyini bildirirb.

“Bu təşəbbüslər, o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdaşlığımıza yeni bir mövzu – innovasiyalar və yüksək texnologiyalar mövzusu əlavə edilməsinə aiddir, xüsusi yol xəritəsi yaradılacaq. Artıq bir neçə gündən sonra Hökumətlərarası Komissiya bu sahədə işlərin vəziyyətini nəzərdən keçirəcək.”

Nazirin fikrincə, əmtəə dövriyyəsi sürətlə artır.

“Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmləndirir.”

Lavrov Mehriban Əliyevanın Rusiyaya səfərinə yenidən qayıdaraq deyib ki, səfərin çox vacib nəticəsi Rusiya-Azərbaycan Gənclər Forumunun daha müntəzəm keçirilməsi barədə razılaşma olub.

“Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, Sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada Sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır,” Lavrov deyib.

XS
SM
MD
LG