Accessibility links

Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olub


Sergey Lavrov və Ceyhun Bayramov
Sergey Lavrov və Ceyhun Bayramov

Son günlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Rusiya xarici işlər naziri arasında telefon danışığı olub.

Belə ki, bu gün, noyabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliynin məlumatına görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıb.

“Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər. Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər,” məlumatda deyilir.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, noyabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Telefon danışığı zamanı nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsinin vəziyyətini müzakirə edib.

“Telefon danışığı zamanı humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib,” məlumatda qeyd edilir.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bu il oktyabrın 20-də Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsi keçirilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəlib.

“Bu görüşdə Azərbaycan Prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və bu çərçivədə görülən işlərin gedişatı müzakirə edilib,” Rusiya hökumətinin məlumatında qeyd edilir.

XS
SM
MD
LG