Oktyabrın 14 -də Minskdə Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın görüşü keçirilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Rusiya XİN-in məlumatına görə, üçtərəfli görüşdə nazirlər ötən il noyabrın 9-da imzalanmış, Qarabağ müharibəsinin dayanması ilə sonuclanmış razılaşmanın icrasını “nəzərdən keçiriblər”.
“Onlar razılaşmanın əsas maddələrinin uğurla həyata keçirilməsi qənaətinə gəliblər. Qalan məsələlər üzərində işi gücləndirməyə razılaşıblar”, məlumatda deyilir.
"Rusiya tərəfi Azərbaycan və Ermənistan rəhbərliyinin iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün ifadə etdiyi qarşılıqlı mövqeyi alqışlayır. O həm milli potensialda, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bu prosesə hər cür kömək etməyə hazır olduğunu bir daha təsdiqlədi", məlumatda qeyd edilir.
Rusiya XİN həmçinin Sergey Lavrov və Aleksandr Mirzoyan arasında ayrıca keçirilən görüşə də toxunub.
"Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri arasında oktyabrın 12-də Moskvada keçirilən görüşün inkişafı da daxil olmaqla, Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri müzakirə edilib".
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla görüş haqda da məlumat verib.
"Sergey Lavrov Ceyhun Bayramovla da ikitərəfli söhbət etdi, ikitərəfli əlaqələrin müxtəlif aspektləri və regional və beynəlxalq gündəmə dair əsaslı fikir mübadiləsi aparıldı" - deyə, məlumatda qeyd olunub.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Lavrovun “həlli vacib məsələlərdən” danışdığı bildirilir. Bu məsələlər haqda detallı informasiya verilmir.
Ermənistan Xarici İşlər Naziriyinin mətbuat xidmətinin məlumatına görə, o, görüşdə Azərbaycanda saxlanan onlarla erməni əsirin məsələsini qaldırıb, bununla atəşkəs razılaşmasının pozulduğunu vurğulayıb.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan arasında bundan əvvəl görüş Nyu Yorkda BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində sentyabr ayında keçirilib. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutub.
Xatırlatma
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.